Tarix: 06 İyun 2024 21:28 | Baxış sayı: 767
Diaspora siyasi resurs kimi   - I YAZI

Diaspora siyasi resurs kimi - I YAZI

Kollektiv kimlik hissi və ümumi maraqlarla birləşən mütəşəkkil etnik birliklər olan diasporlar beynəlxalq siyasətdə son dərəcə mühim hadisəyə çevrilirlər. Normal fəaliyyət qura bilmiş, müəyyən inkişafa nail olmuş diasporlar dövlətlər arasında ikitərəfli münasibətlərdə birbaşa iştirak edə bilirlər. Maddi dəyərlərə əlavə olaraq, diasporlar emosional, mədəni, intellektual kapitalı artırmaqla əsas vətənlə yaşadıqları ölkələr arasında uzunmüddətli ünsiyyət kanalları qurmağa qadirdirlər.

Dünyaya səpələnmiş etnik və ya dini icmalar öz vətənlərini tərk etsələr də, daim Vətən həsrəti, doğuşdan bağlı olduğu dəyərlərə bağlılıq onların istər-istəməz, qəlblərinin dərinliyində də olsa bağlı olduqları məkan üçün fəaliyyətə körükləyir. Bu hal daha çox yəhdi, yunan və erməni diasporlarında özünü biruzə verir. Tarixən “köhnə” diasporlar (yəhudilər, yunanlar və ya ermənilər) vəziyyətində bu oriyentasiya çox vaxt öz vətənlərinə qayıtmaq üçün mifləşmiş ümidlə ifadə olunurdu.

Məsələn, əsərlərinin böyük əksəriyyəti yəhudi diasporuna həsr olunmuş amerikalı politoloq Robert Ouen Kohen “Qlobal diaspora” kitabında diaspora tədqiqatlarının keçdiyi 4 mərhələyə diqqət çəkir:

- 1960-1970-ci illər. (yəhudi, erməni, afrika, irland icmalarının məskunlaşmasına dair esselər);
1980-ci illər - diaspora tarixi vətənlərindən uzaqda yaşayan xalqların qrup sosial kateqoriyalarının (siyasi qaçqınlar, mühacirlər, məzlum etnik azlıqlar və s.) xüsusiyyətlərinin təcrid olunması prizmasından baxılması;
1990-cı illərin əvvəlləri - milli kimlik, etnomədəni müxtəliflik və miqrasiya problemlərinin nəzərdən keçirilməsi üçün terminin aktuallığının yoxlanıldığı intensiv disiplinlərarası diaspor tədqiqatları dövrü.

R.Kohen indiki dövrü diaspora tədqiqatlarının dördüncü, çox perspektivli mərhələsi kimi müəyyən edir, onun tematik qövsü siyasi fəaliyyəti və diasporların potensialından dövlətlər arasında ictimai-siyasi, iqtisadi və digər əlaqələrin inkişafı üçün istifadə imkanlarını əhatə edir.

Bizim diasporların formalaşm dövrü də R. Kohenin qeyd etdiyi çox mürəkkəb və siyasi hadisələrin inanılmaz sürətlə cərəyan etdiyi bir dövrə təsadüf edir. Belə bir dövrdə həm təşkilatlanmaq, həm də yaşadığın cəmiyyətin nüfuzlu tərkib hissəsinə çevrilmək, təbii ki, çox çətin işdir. Bu çətin və vacib işdə diaspor xadimlərimizə və təşkilatlarımıza dövlət səviyyəsində dəstəyin verilməsi zərurətə çevrilir.

“Diaspora” termini xüsusilə ABŞ-da sentyabrın 11-də baş vermiş məlum faciəli hadisələrdən sonra aktuallaşmağa başlayıb. Bu da diasporların böyüməsinə və yeni formalarına diqqətin artmasına, xarici mədəni etnik qruplarla ixtisaslaşmış işin zəruriliyini dərk etməyə səbəb olub. Mühacir icmalarından - milli azlıqlardan fərqli olaraq, əsl diasporlar assimilyasiyaya qarşı daha davamlıdır və daha çox milli kimliyi, mədəni dəyərləri və ana vətənin etnik-mədəni irsinin digər elementlərini qorumağa yönəlib.

Diasporların dövlətlərarası əlaqələrə təsir imkanları nəzərdən keçirilərkən, ikitərəfli qarşılıqlı fəaliyyət siyasətini planlaşdırarkən (dövlət - diaspora) diasporanın təkcə kəmiyyət və/yaxud struktur xüsusiyyətlərini deyil, həm də keyfiyyət komponentlərini nəzərə almaq vacibdir. Yəni, diasporaların özlərinin həm qəbul edən ölkənin, həm də tarixi vətənlərinin hökumət təşəbbüslərinə cavab verməyə hazır olması, mədəni kodun, adət-ənənələrin və miflərin daşıyıcısı olan diaspor öz etnomədəni “konteynerində” qapalı vəziyyətdə mövcud ola bilməz. Uzun müddət ev sahibliyi edən mədəniyyətin əhatəsində olan diaspor icmaları tez-tez onun bəzi xüsusiyyətlərini mənimsəyir və hətta onların tərkibinə ev sahibi ölkənin dominant etnik əksəriyyətinin nümayəndələrini də daxil edirlər.

Uzunmüddətli mədəniyyətlərarası qarşılıqlı əlaqə nəticəsində diasporun seçmə modifikasiyasına məruz qalan etnomilli povestləri Vətənin sosial nümunələri və etnomədəni dəyərlərinin digər elementləri ilə getdikcə üst-üstə düşməyə bilər. Təbii ki, diasporların ev sahibliyi edən cəmiyyətlə qarşılıqlı əlaqə mexanizmləri, onların ictimai-siyasi həyata daxil edilməsi daha çox yerləşdiyi ölkənin siyasi sisteminin növü, demokratikləşmə dərəcəsi, hökumət institutlarının açıqlığı və vətəndaş cəmiyyətinin muxtariyyəti ilə müəyyən edilir. Azərbaycanın diaspor təşkilatları barədə bütün bu mexanizmlərə sahibləndiyini iddia edə bilmərik. Lakin bəzi nümunəvi diaspor təşkilatlarımız var ki, qısa müddət ərzində çox böyük də olmasa, sığınacaq tapdqıları məmləkətlərin cəmiyyətlərində müəyyən nüfuz qazana biliblər.

Sadaladığımız bu nəzəri düsturlar əslində bütün xalqların diasporları üçün keçərlidir. Çünki nə qədər etnopsixoloji fərqlilik olsa da əksər mühacirlərin içində Vətən nisgili mütləq olur. Doğrudur, sonradan yaranan nəsillərdə bu hiss təbii olaraq yoxa çıxır, yalnız özündən əvvəlkilərin təlqin etdiyi inersiya, milli dəyərlərin təsiri ilə əvvəlki etnik icma ənənənlərini və xəttini davam etdirirlər. Özləri haqqında miflər yaratmış və övladlarını bu əsatirlərə yoluxduraraq böyüdən etnik icmalarda bu ötürücülük asan olur. Lakin bizim kimi obyektiv, ədalətli, həmçinin milli özünüdərk prosesi tam başa çatmayan, milli özünüqoruma instinkti zəif olan xalqlarda həmin prosesin yürüdülməsi çox çətin olur.

Burada böyük yük xaricdəki ziyalıların, nüfuzlu şəxslərləin üzərinə düşür. Mühacir cəmiyyətlərindəki daha savadlı və təfəkkürlü təbəqə diaspor təşkilatlarında milli özünüdərk prosesilərinin arası kəsilmədən davam etməsinə nail olmalıdırlar. Daxilində azacıq da ola milli qeyrət hissi yaşadan soydaşlarımız isə bu müqəddəs işdə həmin ziyalılarımıza və ağsaqqallarımıza ciddi dəstək verməlidirlər.

Zənnimizcə, bu vacib, dövlət əhəmiyyəti işdə diaspor fəaliyyətinə məsul qurumların üzərinə daha böyük vəzifələr qoyulmalıdır. Özü də məsliyyətin yalnız Diasporla İş üzrə Dövlət Komitəsinin üzərinə qoyulması da insafdan olmaz. Madam söhbət diaspor təşkilatlarının yaşadıqları ölkənin daxilində nüfuz qazanaraq dövlət qurumlarına sirayət etməsindən və nəticədə xarici siyasətə müəyyən təsirlər göstərməsindən gedir, həmin təsirlər dövlətlərarası müasibətlərə fayda verə bilirsə, bu işdə məsuliyyət mədəniyyət, xairici siyasət, təhsil məsələlərinə məsul digər qurumlar arasında da bölünməlidir. Daspor Komitəsi bu prosesdə koordinasiya vəzifəsinin yerinə yetirə bilər.

Əslində mühacirətdəki nüfuzlu soydaşlarımızın – ziyalıların, iş adamlarının yaşadıqları ölkənin siyasi proseslərə cəlb edilməsi çox incə işdir. Bu məsələnin reallaşdırılması üçün çox diqqətlə işlənmiş planın icrasına ehtiyac var. Yəni xaricədki soydaşlarımızın siyasi proseslərdə iştirakı yaşadqıları cəmiyyətlərdə də qıcıq yaratmamalıdır…

Diaspora.TV-nin
Analitik Qrupu

Şərhlər

Yaz...