Tarix: 10 İyun 2024 20:00 | Baxış sayı: 810
Diasporumuz böyük güclərin  xarici siyasətinə təsir edə bilirmi?

Diasporumuz böyük güclərin xarici siyasətinə təsir edə bilirmi?

Müasir dünyada dövlətlər arasında mövcud münasibətləri müxtəlif bloklar, güc mərkəzləri və ittifaqlar arasında öz təsir dairələri uğrunda mübarizənin kəskinləşməsi kimi xarakterizə etmək olar. Bu proseslərdə diasporlar və etnik icmaların da böyük əhəmiyyətə malik rolu diqqəti çəkir. Diasporaların təsiri bu gün həm ev sahibi ölkələrin daxili siyasətində, həm də beynəlxalq aləmdə daha çox nəzərə çarpır. Qloballaşma prosesləri şəraitində etnik diasporlar beynəlxalq lobbiçiliyin fəal subyektlərinə çevriliblər ki, onlar yaşadıqları ölkələrdə öz potensiallarından istifadə edərək hakim dairələrə və beynəlxalq təşkilatlara müəyyən təzyiqlər göstərə bilir. Bu tendensiyanı nəzərə alaraq, bir sıra dövlətlər bu cür qarşılıqlı faydalı əməkdaşlığı fəal şəkildə inkişaf etdirirlər ki, həmin əməkdaşlığın nəticələri doğma ölkədəki siyasi, iqtisadi, sosial, mədəni vəziyyətə müsbət təsir göstərir, beynəlxalq münasibətlər sahəsində onun imkanlarını artırır.

Lakin heç də bütün diaspor qrupları siyasi həyatda fəal şəkildə özünü göstərmir. Bu həm diasporun təşkilatlanmasından, sosial tərkibindən, toplum olaraq ictimai şüur və intellektual səviyyəsindən, həm də onu qəbul edən cəmiyyətdə siyasi, iqtisadi və vətəndaş azadlıqlarının inkişaf dərəcəsindən, həmçinin, bu işdə mühüm səbəblərdən biri də milli diasporlarla qarşılıqlı fəaliyyət sahəsində dövlət siyasətinin necə həyata keçirilməsindən asılıdr.

Bütün bunlardan çıxış edərək biz dünyada gedən gərgin siyasi proseslər kontekstində diasporlarımızı və lobbiçilik fəaliyyətimizi daha da gücləndirməliyik. Düşmənlərimizin, bizi istəməyən dövlətlərin diasporlarının və lobbi təşkilatlarının onlara əhəmiyyətli dəstək verdiyini hamımız bilirik.

Eyni zamanda, bu cəbhədə zəif olduğumuzu, düşmənlərimizə uduzduğumuzu da etiraf etməliyik. Diasporla iş üzrə əvvəlki və indiki məsul şəxslərin yarıtmaz fəaliyyəti ucbatından geri qalmağımızın kompensasiya edilməsindən ötrü bütün potensialımızın səfərbər edilməsi günün tələbidir. Lakin çox böyük təəssüflə qeyd edək ki, bu sahədə ürəkaçan addımların atıldığını müşahidə edə bilmirik.

Onu da əlavə edək ki, hazırda inteqrasiya proseslərinin intensivləşdiyi şəraitdə dövlətlərin təsir rıçaqları kimi diasporların inkişafı problemi dünyanın aparıcı dövlətlərinin gündəmində xüsusi əhəmiyyət və aktuallıq kəsb edir və bunun üçün alətlər və variantlar seçilir ki, bu məsələnin həlli həm daxili, həm də xarici siyasətin təməl daşıdır. Bu məsələ bizim ölkəmiz üçün də də çox böyük aktuallıq kəsb edir.

Bundan əlavə, polietnik və çoxkonfessiyalı cəmiyyətlərə malik böyük dövlətlər də diasporların onların xarici siyasətinə təsir edə bilən ciddi fenomenə çevrildiyinin fərqindədir. Buna görə də belə dövlətlər etnik siyasət formalaşdırarkən bu fenomeni ciddi şəkildə nəzərə alırlar. Fövqəldövlətlər üçün artıq milli diasporların inkişaf xüsusiyyətləri, istiqamətləri və fərqləndirici özəlliklərinin öyrənilməsi mühüm elmi maraq kəsb edir. Ölkənin xarici siyasət strategiyasının hazırlanması və həyata keçirilməsi zamanı ciddi şəkildə milli diasporların siyasi proseslərə təsirinin təhlili aparılır, qeyd olunan elementlər də müəyyən mənada nəzərə alınır.

Bu cür heterogen fenomenə çevrilmiş çoxmillətli və çoxdinli cəmiyyətlərdə diaspor təşkilatları da ciddi rəqabət şəraitində işləmək məcburiyyətindədirlər.

Xüsusən də geopolitik, yaxud beynəxalq müstəvidə qarşıdurma şəraitində olan dövlətləri təmsil edən diaspor təşkilatları, yaxud etnik icmalar bu xüsusda daha ciddi rəqabət mübarizəsi şəraitində fəaliyyət göstərməyə məhkumdurlar. Belə diaspor təşkilatları bir tərəfdən milli özünüdərk prosesinin yüksək səviyyədə davam etməsinə nail olmalı (nəsillər dəyişdikcə, yeni gələn gənc nəslin milli kimliyini dərk etməsi zəruridir), digər tərəfdən iqtisadi potensialını gücləndirməli, başqa bir istiqamətdə isə cəmiyyətin nüfuzlu siyasi çevrələri ilə əməkdaşlığı inkişaf etdirməlidirlər.

Bizim diaspor təşkilatlarımız da bu cür gərgin rəqabət şəraitində fəaliyyət göstərən milli qurumlardandır. Təşkilatlarımızın bu mübarizəyə davam gətirmələri və qurulmuş əlaqələri möhkəmləndirmələri, yaxud əldə etdiyi nəticələri daha da gücləndirmələri üçün onlara dövlət səviyyəsində əhəmiyyətli dəstək verilməlidir. Bunun üçün atılmalı olan ilk addım diaspor xadimləri və qurumları arasında ayrı-seçkiliyə son qoyulmasıdır. Bundan başqa, mühacirətdəki icmalardaxili umuküsülərin aradan qaldırılması təmin edilməli, bütün qurumların və fərdlərin Ana Vətənin maraqları naminə birləşməsinə nail olunmalıdır. Bunu üçün vicdanlı, milli qeyrət hissinə malik insanlar işə cəlb edilməlidir.

Diaspora.TV-nin
Analitik Qrupu



Şərhlər

Yaz...

İran İsrailin əmrlərini necə    icra edir?
Video Qalereya, Cənub vaxtı

İran İsrailin əmrlərini necə icra edir?

Sünik koridoru İranı cəhənnəmə    aparır
Video Qalereya, Cənub vaxtı

Sünik koridoru İranı cəhənnəmə aparır