Tarix: 01 İyun 2024 09:09 | Baxış sayı: 982

Hüseyn Səlami Qasım Süleymaninin yolunu gedir

Diaspora.TV-də politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub vaxtı” verilişində bu şənbə İranın hərbi elitasının fars-azərbaycanlı qarşıdurması və digər məsələlərə toxunulub.

M.Əhmədoğlu bildirib ki, mərhum İ.Rəisinin helikopter qəzası İranın daxilində yeni vəziyyət yaradıb:

“Əslində SEPAH-la Silahlı Qüvvələrin Baş Qərargah rəisi M.Bagiri arasında həmişə gərginlik olub. Amma bunu çox ustalıqla gizlədə biliblər, gərginlik də müəyyən qaydalarla idarə olunur, əsas da azərbaycanlı-fars mövzusu üstündədir. General Hüseyn Səlami daxil olmaqla bir qrup şəxs azərbaycanlılara, Azərbaycan Respublikasına, Prezidentinə qarşı səhv mövqedə olublar.
İranın hərbi, siyasi və dini elitasında Azərbaycan Respublikasının İran prizmasından gələcək taleyi barədə ciddi müzakirələr yaradıb. Müzakirələrin əsas səbəbi əvvəldən anti-Azərbaycançı olan SEPAH-ın komandiri, general H.Səlami ilə bağlı idi. O, 44 günlük müharibə dövründə şəxsən 4 dəfə İranın Ermənistan və Azərbaycan sərhədləri keçən ərazilərində oldu”.

M.Əhmədoğlu qeyd edib ki, H.Səlami Qasım Süleymaninin yolunu gedir:

“Q.Süleymani də Qarabağ ermənilərinə dəfələrlə hərbi yardım etmişdi. Əsas bəhanələri də o idi ki, guya Azərbaycan və Türkiyə Suriyadan terrorçular gətirib, İran sərhədində yerləşdiriblər. İranın Ali dini lideri sonadək Azərbaycanın torpaqlarını işğaldan azad edəcəyinə inanmırdı. Azərbaycanın Ermənistan və onun havadarları üzərində qələbəsi dəqiq bəlli olduqdan sonra açıqlama yaydı. Azərbaycan torpaqlarının işğaldan azad olduğunu alqışladı və Azərbaycanın qanunu haqqı olduğunu bildirdi. Ardınca çox təhlükəli 2 müddəa ortaya qoydu”.

Politoloq qeyd edib ki, bir müddət sonra İranın böyük nümayəndə heyəti 10 gün müddətinə Azərbaycana səfər etdi:

“Bu nümayəndə heyəti 10 gününün 7 gününü işğaldan azad olunmuş ərazilərdə keçirdi. Sonda Azərbaycan və İran hərbçiləri Şəhidlər Xiyabanında bir-birinə hədiyyə təqdim edərək ayrıldılar. Onlar Azərbaycanın işğaldan azad olunmuş İranla sərhəd ərazilərində nə İsrailin bazasını tapa bildilər, nə də Suriya terrorçularını qeydə aldılar. Azərbaycana qarşı şər-böhtan olduğu aydınlaşdı”.

M.Əhmədoğlu əlavə edib ki, 2021-ci ilin martın 1-də Qum şəhərində anti-Azərbaycan konfransı keçirildi:

“Konfransın təşəbbüskarı Qum elmləri hövzəsinin rəhbəri Ayətullah Ərafi idi. Seyid Həsən Amulinin yaxından iştirakı ilə Azərbaycan Respublikasını İslam dövlətinə çevirməyin konsepsiyası hazırlandı. Hazırda da Azərbaycana qarşı mübarizə o konsepsiya əsasında həyata keçirilir. Əlbəttə ki, Azərbaycan rəhbərliyinin, xüsusilə də Prezident İlham Əliyevin siyasəti buna heç vaxt imkan verməyəcək”.

Şərhlər

Yaz...