“Diasporla müsahibə” verilişinin növbəti qonağı “Alberta” Azərbaycan Mədəniyyət Cəmiyyətinin (ALACS) rəhbəri Ceyhun Nəcəfli olub.
C.Nəcəfli müsahibədə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) təəssüratlarını bölüşüb, lobbiçiliyi daha üst səviyyəyə daşımağın yollarından bəhs edib.
Onun sözlərinə görə, xaricilər COP29 tədbirindən çox razı qalıblar:
“İlkin mərhələ hava limanından başlayırdı. Qarşılama və otelə, yaxud da tədbir keçirilən məkana qədər çatdırılma yüksək səviyyədə idi. Hər kəs məndən soruşurdu ki, Azərbaycanda yollar necə açıq və boşdur. Onlara izah etdim ki, hər şey sizin üçündür. Əslində Azərbaycana gələndə qarşılaşdığım əsas problem tıxac idi, ancaq bu tədbir müddətində ölkəmizdə belə yüksək səviyyədə hazırlığın görülməsi bizə baş ucalığı oldu. Daha öncə biləndə ki, mən də bu tədbirdə iştirak edəcəm, çox sevinmişdim. “Green” zonada xaricdən gələn diasporlarımız var idi. Lakin “Blue” zonada demək olar ki, Kanadadan tək idim”.
Ceyhun Nəcəfli qeyd edib ki, lobbi işini gücləndirib, ölkəmizi daha yaxşı tanıtmaq istəyiriksə, bizdən sonra gələn nəsilə şərait yaratmalıyıq:
“Dilimizi yaşadıb, onlara ölkəmiz haqqında məlumatlar verməliyik. Azərbaycan dünyada kiçik bir damladır, amma dünya siyasətində sözünü demiş ölkədir. Hazırda bir çox ölkələrdə Azərbaycan haqqında informasiayaların az olmasına baxmayaraq, inanıram ki, gələcəkdə hər kəs Azərbaycan deyəndə kifayət qədər məlumatlı olacaq. Lobbi işini də birdən-birə yüksəltmək olmur, bunun üçün bizə zaman lazımdır”.