Tarix: 11 İyun 2024 11:08 | Baxış sayı: 408
Macarıstanın təcrübəsindən   niyə faydalanmayaq?

Macarıstanın təcrübəsindən niyə faydalanmayaq?

Əvvəlki yazılarımızıda bir sıra ölkələrin (Məsələn, İsrail, Ermənistan) xaricdə yaşayan diaspor gənclərinin ölkəyə cəlb edilməsindən ötrü müxtəlif layihələr həyata keçirdiklərini, həmin təşəbbüslərin arasında təhsil proqramlarının əhəmiyyətli yer tutduğunu qeyd etmiş, bəzi nümunələr də vermişdik. Bu dəfə oxucularımızı Macarıstan nümunəsi ilə tanış etmək istərdik...

Avropanın mərkəzində qərarlaşan, iqtisadi gücünə görə qüdrətli dövlət sayılmayan dost Macarıstan diaspor gənclərinin ölkəyə cəlb edilməsi istiqamətində müxtəlif addımlar atır. Təhsil proqramları isə bu nəcib və təqdirəlayiq təşəbbüslərin önündə gedir. Macarıstan dövlətinin büdcəsindən xaricdə yaşayan macar gənclərinin ölkəyə cəlb olunması üçün külli miqdarda vəsait ayrılır və bu vəsaitlər hesabına genişmiqyaslı proqramlar həyata keçirilir.

Bu böyük proqramlardan biri "Macarıstan diaspor təqaüdü" adlanır. "Macarıstan diaspor təqaüdü" hökumət tərəfindən Avropadan kənarda - macar diasporasında təmsil olunan, Ana Vətənlə şəxsi, peşəkar və mədəni əlaqələrini inkişaf etdirmək məqsədilə bu ölkənin ali təhsil müəssisəsində təhsil almaq istəyənlər üçün təsis edilib. Proqram Macarıstanda yüksək keyfiyyətli təhsilə təminat verir, eyni zamanda macar dilini təkmilləşdirmək və macar milli kimliyini gücləndirməklə yanaşı, onların peşəkar inkişafını dəstəkləmək məqsədi daşıyır. Məzun olduqdan sonra təqaüdçülər yaşadıqları ölkələrə öz icmalarını dəstəkləməyə, macar dəyərlərini qorumağa və diasporla Macarıstan arasında əlaqələri möhkəmləndirməyə imkan verən rəqabət qabiliyyətli və biliklərlə qayıdırlar.

Hökumət "Macarıstan diasporu təqaüdü" ilə intellektli və istedadlı mühacir macar gənclərinə həm şəxsi, həm də akademik cəhətdən inkişaf etmək üçün müstəsna şans verdiyini iddia edir.

Proqramla bağlı müraciətdə həmçinin bildirilir:

"...Macarıstanda təhsil alarkən, siz min illik Macarıstanın tarixi və mədəniyyətini kəşf edə, unikal macar adət-ənənələrini yaşaya və həmçinin macar dili bacarıqlarınızı inkişaf etdirə bilərsiniz..."

Gənclərə müraciət edən hökumət bildirir ki, təqaüdü qazananlar Macarıstan ali təhsil müəssisələrində beynəlxalq səviyyədə tanınan dərəcə ala və həm şəxsi, həm də akademik cəhətdən irəliləmək üçün yüksək rəqabət qabiliyyətli biliklər əldə edə bilər. Onlar bütün dərəcə səviyyələrində ali təhsil sahələrini əhatə edən macar dilində tədris olunan geniş proqramlardan birini seçə bilərlər.

Proqramın icraçıları bu təşəbbüsü peşəkar şəbəkənin qurulması, dəstəkləyici və qonaqpərvər tələbə mühitində ölkə haqqında hər şeyi kəşf etmək üçün əla fürsət hesab edirlər.

Diqqətli oxucularımız xatırlayırlarsa, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu xaricdəki azərbaycanlı gənclərin ölkəmizdə təhsil almalarına şərait yaradılması, bunun üçün onlara ayrıca güzəştlərin tanınması təklifləri ilə çıxış etmişdi. Bu təkliflər ayrı-ayrı ekspertlər tərəfindən inkişaf etdirilsə də çox böyük təəssüf hissi ilə qeyd edək ki, təkliflərin verilməsinin üstündən bir neçə ay keçməsinə baxmayaraq, hələ də müvafiq qurumlar tərəfindən hər hansı bir cavab alınmayıb, reaksiya verilməyib. Zənimizcə, belə bir proqram bizdə də reallaşarsa, Azərbaycanda təhsilini başa vurub yaşadığı ölkəyə qayıdan gənclərimiz bir diaspor fəalı olaraq həm haqq səsimizin dünyaya çatdırımasına və milli maraqlarımızın qorunmasına, həm də dəyərləimizin təbliğinə əhəmiyyəti töhfələr verər.

Diaspora.TV-nin
Analitik Qrupu

Şərhlər

Yaz...