Tarix: 11 İyun 2024 17:03 | Baxış sayı: 310
Soydaşlarımıza hüquqi yardım göstərməkdə   çətinliklərlə qarşılaşırıq

Soydaşlarımıza hüquqi yardım göstərməkdə çətinliklərlə qarşılaşırıq

“Şura Azərbaycan etnik-mədəni mərkəzi “Nəsimi” İctimai Birliyi 1994-cü ildə yaradılıb. Həmin vaxtlar İctimai Birliyə şəhərimizin vəfat etmiş sakinləri Nizami Məmmədov, Mirqasım Bəşirov, Yadulla Qurbanov, Tarıverdi Mirzəyev rəhbərlik edirdilər. 2006-cı ildə bu birliyin sədri şəhərin ilk qadın sahibkarlarından biri Gülxanım Muxamedzhanova, onun müavini isə mən olmuşam”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Şu RPİ-nin İstintaq şöbəsinin rəisi, polis podpolkovniki, Qazaxıstanda “Azərbaycan” QHT-nin sədr müavini Elmira Aslanova bildirib.

Onun sözlərinə görə, 2022-ci ildə birliyin adı dəyişdirilərək “Azərbaycan” QHT-si adlandırılıb:

“Birliyimiz, 2006-cı ildən 2022-ci ilə qədər Qazaxıstan və Azərbaycan arasında müxtəlif mədəni əlaqələrin gücləndirilməsi istiqamətində fəal iş aparıb. Qazaxıstanda yaşayan soydaşlarımıza Azərbaycan dili, mədəniyyəti, tarixinin milli adət-ənənələrinin öyrənilməsi, qorunub saxlanılması və inkişaf etdirilməsinə kömək edən müxtəlif tədbirlər keçirilib. 2023-cü ildə isə birliyin sədri Daxili İşlər Nazirliyinin veteranı, ehtiyatda olan mayor Tacir Abdullayev oldu”.

E.Aslanova bildirib ki, 2023-cü ildə soydaşlarımızın Azərbaycan dilində təhsil almaları üçün Qazaxıstanda həftəsonu məktəbi də açılıb:

“Lakin dərslərin keçirildiyi binada əsaslı təmir işləri aparıldığı üçün tədris prosesi 2024-cü ilin əvvəlindən dayandırılıb. Artıq təmir işləri başa çatıb və yeni tədris ilində dərslər davam etdiriləcək”.

Müsahibimizin sözlərinə görə, diaspor fəaliyyətində qarşılaşdıqları əsas problemlərdən biri də keçmiş Sovet ölkələrində iki yaş kateqoriyası (1-5-ci siniflər, 6-11-ci siniflər) üçün Azərbaycan dilinin öyrənilməsi üçün xüsusi tədris vəsaitlərinin olmamasıdır:

“Bundan başqa, Azərbaycanda verilən sertifikat əsasında Azərbaycan dilini, incəsənətini, tarixini və ədəbiyyatını tədris edə biləcək kadrların (ilk növbədə müəllimlər, sənətşünaslar, yazıçılar) çatışmazlığı və onların əməyinin ödənilməsi üçün maliyyə məsələsi var. Bu da yerli icra hakimiyyəti orqanları səviyyəsində həllini tapmayıb. Eyni zamanda, Azərbaycan və Qazaxıstan vətəndaşı olan vəkillərimizin rəsmi sənədləri Azərbaycan dilindən rus dilinə və əksinə tərcüməsi üçün müvafiq sertifikatların olmaması səbəbindən Azərbaycan və Qazaxıstan vətəndaşı olan sakinlərə hüquqi yardım göstərməkdə çətinliklərlə qarşılaşırıq”.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...