Tarix: 11 İyun 2024 15:57 | Baxış sayı: 222
 “Azərbaycan gözəl ölkədir”    - Mark Levi

“Azərbaycan gözəl ölkədir” - Mark Levi

Dünyada ən çox oxunan müasir fransız yazıçısı Mark Levi jurnalist Hafiz Əhmədovun suallarını cavablandırıb. Mark Levi müsahibə zamanı mühüm məqamlardan söhbət açıb, ilk dəfə olaraq Bakı, Azərbaycanla bağlı fikirlərini də ifadə edib.

– Müsahibə üçün sizə Azərbaycandan yazdığımızı biləndə ilk nə fikirləşdiniz?

– Çox təsirləndim və sevindim. Yazıçı olmağın gözəl cəhətlərindən biri də dünyanın hər yerindən olan insanlarla tanış olmaqdır. Azərbaycanda sizinlə və oxucularla danışmaq mənim üçün şərəfdir.

– Uğurlarınızı nəyə borclusunuz? Ən böyük uğurunuz nədir?

– Uğurun səbəbini müəyyən etmək həmişə çətindir – xüsusən də öz işiniz haqqında danışırsınızsa. Mən onu da bilirəm ki, bu, heç vaxt yalnız bir şeydən ibarət deyil – doğru zamanda bir araya gələn bir çox amillər uğura gətirib çıxarır. Mən çox zəhmətkeşəm. Həmişə oxucularımın dünyanın harasında olurlarsa olsunlar, onlara aid ola biləcək hekayələr yazmağa can atmışam. Ürəkdən və yumorla yazılmış hekayələri sevirəm. Bu hekayələr oxuculara gündəlik həyatlarından uzaqlaşmağa kömək edir. Satış rəqəmləri baxımından ən böyük uğurum? Bu, mənim ilk romanım “Bəlkə də bu, həqiqətdir” (İf only it were true) və “Kölgə oğrusu” (The shadow thief).

– Hansı kitab sizin həyatınızı dəyişdi?

– Bu, Romain Qari tərəfindən yazılmış “Claire de Femme” idi. Sevgilim məni yeni tərk etmişdi və bir daha sevməyəcəyimə əmin idim. Sonra Qarinin bu romanını oxudum və anladım ki, etmək istədiyim tək şey yenidən aşiq olmaqdır…

– Romanlarınızdakı hansı qadın obrazlarını daha çox bəyənirsiniz?

– Romanlardakı obrazlarım uşaqlar kimidir: kimə üstünlük verdiyimi söyləməkdə çətinlik çəkirəm. “Bəlkə də bu, həqiqətdir”dəki Laurendən tutmuş, “Müsyö Daldrinin qəribə səyahəti”də Alisa və “Başqa bir xoşbəxtlik” romanındakı Aqathaya qədər romanlarımdakı qadınları çox sevirəm. Onlar taleyini öz əllərinə alan və dəyişiklik etməyə cəsarət edən güclü düşüncəli, cəsarətli qadınların nümunələridir.

– Siz nə vaxt “Kaş doğru olsaydı” deyirsiniz? (*Romanın adı)

– Həmişə zülm, diktatorların olmadığı, sülh, azad, tolerant bir dünyanı xəyal edirəm.

– Bizi insan olaraq xeyirlə şər arasında seçim etməyə vadar edən bir şey varmı? Ölümdən sonra həyatın varlığına inanırsınızmı?

– İnanıram ki, bu, dünyaya gələndə bizə bəxş edilən insanlıq parıltısıdır və həyatın mənası da onu son günə qədər yaşatmaqdır. Ölümümüzdən sonrakı həyat isə əvvəllər qarşılaşdığımız insanların qəlbində qalan hisslərdən ibarətdir.

– Siz “yenidən başlaya bilsəydiniz” nə edərdiniz?

– Həkim olmaq istərdim… Amma belə olmasaydı, yenə də yazıçı olmaq istərdim.

– Dünyada süni intellektin (AI) inkişafı əsl yazıçılara necə təsir edəcək?

– Bu barədə indi danışmaq tezdir. Hələ ki, süni intellekt orijinal düşüncə yarada bilmir.

– Sizcə, bu gün dünyanı kim idarə edir? (“Sonsuzluq üçün yedi gün” romanından bir sual)

– Pisliklər çoxdur, doymayan iştahlar var – təbii ki, mən Ukraynanın cəsur xalqı kimi müqavimət göstərən insanları görəndə düşünürəm ki, (və ümid edirəm) yaxşılıq qalib gələcək. Aleksey Navalnının dediyi kimi: “Yaxşı insanlar heç nə etmədikdə şər qalib gəlir”.

– Əgər dinə sahib olmaqdan başqa bir yolumuz yoxdursa, siz hansı dinə sahib olduğunuzu söyləyərdiniz?

– Mən humanistəm – bəşəriyyətin son yaxşılığına da inanıram.

– Türk əsilli olmaq həyatınıza necə təsir edir?

– Mən türk mənşəli olduğum üçün fəxr edirəm və babamın İzmirdə qadınlar üçün ilk xəstəxananı və məşhur lifti tikməsindən ilham alıram.

– Fransaya qayıtmağı fikirləşirsinizmi? Fransada baş verənlər sizə necə təsir edir?

– Mən həm Fransanı, həm də Amerikanı sevirəm və onların birindən imtina etməkdə çətinlik çəkirəm. Avropada olduğu kimi Amerikada da ekstremistlərin artması məni də narahat edir.

– İnsanlara xoşbəxt olmaq üçün nə tövsiyə edərdiniz?

– Sevgi. Ailənizi, dostlarınızı, qonşularınızı sevməyə vaxt tapın… Həyatınızda sevgi yoxdursa, xoşbəxt ola bilməzsiniz. Bu, hər şeydən vacibdir.

– Azərbaycanda Mark Levini sevən insanlara nə deyərdiniz? Bakıya səfər etmək istərdinizmi?

– Azərbaycanda oxucularımın olması ilə qürur duyuram. Bəli, bir gün Bakıya səfər etmək istərdim! Eşitdiyimə görə gözəl ölkədir və insanları çox mehribandır.

HafizTimes.com

Şərhlər

Yaz...