Tarix: 09 Oktyabr 2024 16:39 | Baxış sayı: 341
"Türkiyə azərbaycanlıları" kimlərə deyirik     və biz nəyi öyrənirik?

"Türkiyə azərbaycanlıları" kimlərə deyirik və biz nəyi öyrənirik?

XX əsrin ilk yarısında Türkiyədə yaşayan azərbaycanlıların ön plana çıxan təmsilçilərinin böyük bir qisminin Türkiyənin ictimai-siyasi həyatında rolu və təsiri barədə məlumatlar xeyli məhduddur və faktiki olaraq geniş araşdırma predmeti olmayıb. Əksər tədqiqatçılar əsasən azərbaycanlı siyasi mühacirlərin Türkiyə siyasi həyatına təsirindən bəhs etməyə üstünlük veriblər.

Bizim tədqiqatımız siyasi mühacirlərdən daha çox Türkiyə vətəndaşı olmuş, indiki Türkiyə hüdudları daxilində doğulub böyümüş azərbaycanlıları əhatə edir. Lakin bu zaman da kimi azərbaycanlı saymaq kimi bir ritorik, müəyyən qədər siyasi korrektlik tələb edən suala cavab vermək lazım gəlirdi. Sırf dil amilindən çıxış etsəydik, azərbaycanlıların sıraları daha geniş götürülə bilərdi. Məsələn, Türk Dil Qurumunun son illər Türkiyənin dialektoloji xəritəsi haqda məlumatlarında az qala bütün Şərqi Anadolu vilayətləri əhalisinin “azəri ləhcəsinə yaxın” ləhcədə danışdığı qeyd olunurdu ki, bu da həmin vilayətlərin etnik azlıq icmalarına mənsub sakinləri tərəfindən etirazla qarşılanmışdı. Həm də Türkiyədə Azərbaycan dili müstəqil dil deyil, ləhcə kimi qəbul olunduğundan linqvistik mənsubiyyət amili ilə tədqiqat aparılması faktiki mümkünsüzləşir. Odur ki, biz tədqiqatı yalnız əslən Şimali və Cənubi Azərbaycanlardan olan, eləcə də indiki Türkiyə hüdudlarına daxil olan, keçmişdə isə Qacar və Rusiya imperiyalarının tərkibində olmuş ərazilərdə doğulan, “azəri”, “azərbaycanlı”, “şirvanlı”, “qarapapax”, “tərəkəmə” kimi etnonimlərlə tanınan şəxslərlə bağlı aparmaq qərarı verdik. Yəni ya milli, ya etnik, ya etnoqrafik özünüdərk səviyyəsində Azərbaycanla bağları qopmamış şəxslər tədqiqat obyekti olub.

Bu halda belə tədqiqatların miqyası yetərincə genişdir. Azərbaycanəsilli ziyalılar Türkiyənin ictimai-siyasi həyatının sadəcə iştirakçıları deyildilər, onlar həm Osmanlı, həm də yeni Türkiyənin ictimai-siyasi fikrinə, milli siyasi konsepsiya və ideologiyasının formalaşmasına, institusionallaşmasına təsir edən, türk siyasətinə yeniliklər, fərqli mövzular gətirən yeni ideoloji axınlar yaratmağa qadir ideoloqlar olmuşlar.

Təkcə onu demək yetər ki, müasir türk siyasi partiyalarının, demək olar ki, hamısı üçün ilk beşik olmuş, hələ respublika elanından əvvəlki dövr təsis olunmuş iki mühüm təşkilatın: “İttihad və Tərəqqi”nin, eləcə də, “Türk Ocaqları”nın qurulmasına azərbaycanlıların böyük töhfəsi olmuşdu. Cümhuriyyət dövrü isə Sərbəst Firqənin, sonralar Sərbəst Firqənin ideoloji zəminində yaranacaq Demokrat Partiyasının qurulmasında azərbaycanəsilli siyasətçilər böyük rol oynamışlar. Sağ mərkəzin hər iki xətti: türkçü və mühafizəkar xətt xeyli dərəcədə Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu siyasi məktəblərinin davamıdır da deyə bilərik. Sonuncu şəxs Türkiyədə həm siyasi liberflizmin banilərindən biri hesab edilir, vaxtilə Azərbaycanda barəsində deyilən “Firəng Əhməd” ləqəbi türkçülükdən liberalizmə dreyfi səbəbindən Türkiyədə fərqli bir məna kəsb etməyə başlamışdı. Məhz Ə.Ağaoğlu kemalizmin siyasi ideologiya kimi formalaşması üçün ilk təşəbbüsçülərdən biri olmuş və CHP daxilində liberal kemalizm adı verilən ideoloji axının banisi olmuşdu. Bu qədər geniş spektri əhatə etməyin çətinliyini nəzərə alaraq tədqiqat müəyyən zaman çərçivəsində (XX əsrin birinci yarısı) götürmüşük.

Layihə icra olunduğu müddətdə siyasi mühacirlər də tam diqqətdən kənarda saxlanmadı. Sovet işğalından sonra Türkiyəyə köç edən azərbaycanlıların - siyasi mühacirlərin Türkiyə Respublikasının siyasi həyatında yer almaq kimi hədəfləri yox idi. Onlar Azərbaycan davasını davam etdirmək ümidi ilə Türkiyəyə yerləşərək təşkilatlanmağa çalışır və daha çox mətbuat sahəsində fəallıq göstərirdilər.

Bəs azərbaycanlı mühacirlərin Türkiyə siyasi həyatına necə təsiri olmuşdu?

İstiqlal savaşının ilk illərində Anadoluda bolşevik Rusiyasına müəyyən rəğbət bəslənilirdi. İş o yerə çatmışdı ki, Türkiyə poeziyasının görkəmli nümayəndəsi, Türkiyə himninin müəllifi Mehmet Akif hətta Qızıl Ordu nümunəsində Yaşıl Ordu yaratmağı, Anadolu və Rusiyanın vahid dövlətdə birləşməsini təklif etmişdi. Yalnız Gəncə üsyanında bolşeviklərin törətdiyi vəhşiliklər ictimailəşdirildikdən sonra o öz təsis etdiyi “Sebilürreşad” qəzetində bolşevikləri ifşa edən silsilə yazılarla çıxış edir. Sovet Azərbaycanının Türkiyədəki nümayəndəliyinin katibi M. Məmmədov Sovet Rusiyasının əsl mahiyyətinin tanınmasını müsavatçı mühacirlərin fəaliyyətinin nəticəsi hesab edir, Azərbaycan İctimai Şura Cümhuriyyətinin(Sovet Sosialist Respublikasının) xarici işlər komissarı Mirzə Davud Hüseynova yazdığı məktubda əks addımlar atmağa çağırırdı (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivi., fond 601,siyahı 1,94 saylı iş, səh. 189).

Sovet rejiminin əsl mahiyyətini göstərməklə azərbaycanlı mühacirlər Türkiyəni böyük bəladan –kommunizmə yuvarlanmaqdan və Sovet Rusiyası ilə ifrat yaxınlaşmaqdan xilas etmişdilər.

Anadoluda istiqlal savaşı illərində türk kommunistləri yetərincə fəal idilər, Nəriman Nərimanov və Sultan Qaliyevin “Qırmızı Turan” ideyaları yuxarıda qeyd etdiyimiz kimi Türkiyədə də bir çoxlarını özünə cəlb edə bilmişdi. Azərbaycan İnqilab Komitəsinin sədri N.Nərimanov Rusiya və Ankara hökuməti arasında aparılan danışıqlarda iştirak üçün gəldiyi Moskvadan 1921-ci l fevralın 28-də Mirzə Davud Hüseynova yazdığı məktubda konfransda iştirakını artıq hesab etdiyini bildirir və əlavə edirdi ki, Azərbaycana aid olmayan xırda məsələlərdə türklərə qarşı çıxsa faydasız olacaq:

Mənim onlar üzərində təsirim çoxdur, Anadoluda çoxsaylı kombinasiyalar var, bütün bunları itirə bilərəm ( Siyasi sənədlər arxivi, 609 N-li fond, siyahı 1, saxlanc 94). Məktubdan anlaşılır ki, Azərbaycan və Rusiya kommunistlərin Anadoludakı solçu qruplar üzərində ciddi təsir imkanları varmış. Siyasi mühacirətin milli kommunist dediyimiz N.Nərimanov və komandasına qarşı amansız əks təbliğatının bir səbəbi də bu idi - Doktorun Türkiyədəki nüfuzunun bolşevik Rusiyası tərəfindən başqa məqsədlər naminə istifadəsinin qarşısını almaq.

Layihə çərçivəsində Tükiyədəki Qərbi Azərbaycan əsilli siyasətçilərlə bağlı da ayrıca araşdırma aparmağa çalışdıq. Amma onu da qeyd edək ki, Qərbi Azərbaycan əsillilər deyiləndə daha çox 1918 və 1922-27- ci illərdə mühacirət edənlər nəzərdə tutulur, digər köçlərin ağrısı nəsil yaddaşlarından ya itib, ya da çox zəifdir.

Keçmiş İrəvan ( İrəvan və Naxçıvan xanlıqları ) və Qars quberniyalarının sakinləri olan azərbaycanlılar Türkiyədə siyasi partiya quruculuğuna töhfə vermiş, daha doğrusu, Difai və Müsavatın yerli filialları buralarda siyasi fəaliyyətin ilk işartıları olmuşdu. Eyni şəxslər sonralar CHP-nin, daha sonralar qurulacaq yeni partiyaların həmin bölgələrdə ilk üzvləri və yerli təşkilat sədrləri olmuş, beləliklə, hazırda Türkiyənin şərq bölgələrində siyasi iştirakçılıq mədəniyyəti gətirmişlər. Məhz azərbaycanlılar həmin bölgələrdə ilk vətəndaş cəmiyyəti, insan haqları, qadın haqları təşkilatları qurmuşlar.

Onların xidməti yalnız bununla da bitmir. Türkiyənin şərq vilayətləri - indiki Qars, İğdır, Ağrı, Ərdəhan, müəyyən qədər Ərzurum və Çorum vilayətləri uğrunda Ermənistan, Rusiya, Gürcüstan illər uzunu Osmanlı, sonra Türkiyə Respublikasına qarşı amansız müharibələr aparmış, davamlı təxribatlar törətmişdilər. Osmanlının I dünya savaşından məğlub kimi çıxması səbəbindən ordunun lazımi gücü olmadığından yerli əhalinin mübarizəsinin, siyasi baxımdan təşkilatlanmasının, özünümüdafiə dəstələri təşkil etməsinin, ən əsası, gələcəkdə tərkibində olmaq görmək istədikləri dövlətlə bağlı tərəddüdsüz seçimlərinin həmin ərazilərin taleyində müstəsna rolu vardı. Üstəlik, o ərazilərə İran da iddia edirdi, Rusiyanın vədləri ilə həmin ərazilərdə və Osmanlının qonşu şərq vilayətlərində kürd dövləti qurmaq həvəsinin önünün kəsilməsində də bu bölgələrin azərbaycanlı əhalisinin misilsiz xidmətləri olmuşdu. Həm də bu işi əksər hallarda qansız- qadasız, danışıqlar, inandırma yolu ilə həll etmişdilər. Yeri gəlmişkən, İran yarımrəsmi KİV-ləri bu gün də həmin ərazilərin, xüsusən İğdır və Aralıq vilayətlərinin itirilməsinin “acı xatirələrini” paylaşır, Rza Şahı o əraziləri İrana qaytara bilmədiyi üçün lənətləyirlər.



Azərbaycanda xüsusən iki şəxsin: İğdır Cümhuriyyətinin qurucularından – Əli Əkbər Tufanın və Anadoluda ilk respublikanı-Cənub Qərbi Qafqaz Respublikasının baş naziri İbrahim Cahangirzadənin tanıdılmasına ehtiyac var. Şərq vilayətlərinin və orada yaşayan azərbaycanlıların, Qərbi Azərbaycan, Naxçıvan, Ahıska və Acarıstanın müsəlman əhalisinin qorunmasında onların misilsiz xidmətlərinin də rolu var. İbrahim Cahangirzadə bu qədər xidmətləri müqabilində diqqətdən kənarda qalmasına ömrünün sonlarında özü də etiraz edirdi. İsmət Paşa dövlət başçısı olduğu illərdə ona yazdığı məktubda xidmətlərini təfərrüatı ilə izah edir:

“Mən altı uşaq atasıyam. Onlardan dördü məktəbə gedir. Qars heyvan brijasında 20 lirə maaşla məmur işləyirəm. Ailəm, övladlarım arasında çəkdiyim sıxıntı böyükdür. İllərdir vətənim, millətim üçün əzab-əziyyət çəkib, mübarizə apardıqdan sonra qocalıqda belə tənha, köməksiz qalmamalıydım. Etdiklərimi öyünmək üçün yox, zati aliniz kimi adil bir Şefin (İsmət İnönüyə Şef deylirdi-red.) zamanında millət üçün çalışanların son günlərini səfalət içində keçirmələrinə yol verilməyəcəyinə inandığım üçün təqdim edirəm”.



Bu sözlər qədirbilən xalqımız və dövlətimiz üçün də ibrət olmalıdır: yüz minlərlə soydaşımızın xilas olmasında müstəsna rolu olan, qardaş Türkiyə ilə əlaqələrimizdə tarixi- mənəvi körpü adlandıra biləcəyimiz şəxsləri unutmağa haqqımız yoxdur.

Araşdırmalar zamanı İğdır, Araz Türk cümhuriyyətlərinin, Sürməli və Naxçıvan bölgələrindəki müsəlman milli şuralarının qurulmasında və fəaliyyətində yaxından iştirak etmiş, bununla da Araz Türk Cümhuriyyətinin əhatə etdiyi geniş coğrafiyanın müsəlman - türk əhalisinin xilasında rol oynamış bəzi şəxslərlə bağlı olduqca maraqlı ola biləcək materiallarla tanış olduq. İş ondadır ki, həmin şəxslər Azərbaycanda yetərincə yaxşı tanınır, amma nədənsə həmin dövrdə bu istiqamətdə fəaliyyətlərinin üzərindən sükutla keçilib və ya öyrənilməyib. Layihənin davamında bu barədə də araşdırmalarımız təqdim ediləcək.

C. Quliyev

P.S. Məqalə “Səməndər Sosial Araşdırmalar və İnformasiya Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Türkiyədə çoxpartiyalı sistemin formalaşmasında iştirak etmiş azərbaycanəsilli siyasətçilər” adlı layihə çərçivəsində dərc olunub.



Şərhlər

Yaz...

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    30.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 30.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    29.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 29.10.2024

Qəzza müharibəsinə başlayan İranın    bir ili
Diaspor, Video Qalereya, Cənub saatı

Qəzza müharibəsinə başlayan İranın bir ili

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    31.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 31.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT   - 28.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 28.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    01.11.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 01.11.2024

İraqdakı Azərbaycan:    Türkmanlar
Video Qalereya, Müzakirə vaxtı

İraqdakı Azərbaycan: Türkmanlar