Tarix: 10 İyun 2024 10:16 | Baxış sayı: 953

Türkiyədə marş yazan ilk qadın... – o azərbaycanlıdır

“Diasporla müsahibə”nin növbəti qonağı Türkiyədə yaşayan soydaşımız, Əməkdar artist, dirijor, pianoçu Turan Manafzadə olub.

T.Manafzadə veriliş zamanı öz fəaliyyətindən və uğurlarından söz açıb.

T.Manafzadə bildirib ki, musiqi ilə məşğul olmaqla yanaşı, həm də hobbi olaraq rəsm çəkir, biznes təhsili alıb:

“Mənə bu uğurlarımda ailəm böyük dəstək olub. Bu yerlərə gəlib çatmağımda atam və qardaşımla yanaşı, anamın da böyük əməyi var. Bizə anam çox dəstək oldu”.

Tanınmış dirijor qeyd edib ki, bəzi insanlar musiqi üçün doğulur:

“Mən belə düşünürəm ki, musiqiçi olmurlar, doğulurlar. Əlbəttə ki, musiqiçi olmaq üçün gərək özündə də nə isə bacarığın olsun. Bunun üçün böyük istedad lazımdır, davamlı öz üzərində işləməlisən. Belə olan təqdirdə uğurlu işlər ərsəyə gətirmək olar”.

“Türkiyə100” adlı marşı ilə bütün Türk dünyasının sevimlisinə çevrilən T.Manafzadə Türkiyədə bu mövzuda marş yazan ilk qadın olduğu üçün qürur hissi keçirdiyini vurğulayıb:

“Etiraf edim ki, məktəblərə gedəndə, tədbirlərə qatılanda bəstələrim, mahnılarım gənc nəsil və uşaqlar tərəfindən sevilərək zümzümə ediləndə çox sevinirəm. Türkiyə Cümhuriyyətinin 100-cü ildönümünə yazdığım marş da dillər əzbəri oldu. Bu ilki etdiyim üçün çox şadam”.

Şərhlər

Yaz...