Tarix: 21.10.2024 / 14:23
Zəngəzur məsələsi Qafqazda növbəti müharibəyə səbəb ola bilərmi?     Keçmiş səfirdən açıqlama

Zəngəzur məsələsi Qafqazda növbəti müharibəyə səbəb ola bilərmi? Keçmiş səfirdən açıqlama

İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin İstanbulda Türkiyə, Azərbaycan, İran, Rusiya və Ermənistan xarici işlər nazirlərinin iştirakı ilə keçirilən “3+3” platformasının görüşünü şərh edib. O, fikirlərini “İran diplomatiyası” saytına müsahibəsində bildirib.

Diaspora.TV xəbər verir ki, səfir Zəngəzur dəhlizi məsələsinin və bu sahədə fikir ayrılıqlarının Qafqazda növbəti müharibəyə səbəb ola bilməyəcəyini deyib. Sabiq diplomat bildirib ki, məsələ mürəkkəbdir və ola bilsin ki, Ermənistanla Azərbaycan arasında marşrutların təyin edilməsi ilə bağlı danışıqlar bir müddət uzansın. Amma bu, növbəti müharibəyə gətirib çıxarmayacaq.

Tehran-Bakı münasibətlərinə toxunan keçmiş səfir vurğulayıb ki, İranın Azərbaycanla əlaqələri yaxşıdır və əvvəlki mübahisələr həllini tapıb:

"Habelə, Azərbaycan səfiri Tehrana qayıdıb. Eləcə də, ötən həftə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Tehranla Bakı arasında münasibətləri yaxşılaşdırmaq məqsədi ilə Tehranda olub".

Diplomatın bildirdiyinə görə, Zəngəzur dəhlizi ilə bağlı ciddi fikir ayrılıqları olduğuna görə Azərbaycan və Ermənistan bu məsələni hələlik təxirə salıb. Amma daha sonra davam edəcək.

“Rusiya, Türkiyə və digər aktorlar bölgədə gərginliyi daha da qızışdırmamalıdırlar. Bundan əlavə, İran da regionda gərginliyin və qarşıdurmanın artmasına səbəb olan hər hansı hərəkət və təxribatdan çəkinib. Bu səbəbdən Türkiyə kimi bir ölkə Zəngəzur dəhlizi məsələsini ön plana çıxararaq Azərbaycanı münaqişəyə və gərginliyə sövq etməməlidir. Bütün ölkələr regional sülh prosesinə töhfə verməlidir. Çünki Qafqazda davamlı sülhün bərqərar olması bütün region ölkələrinin xeyrinədir”, - deyə, Pakayin qərəzli fikirlər dilə gətirib.


Şərhlər

Yaz...