Tarix: 22 İyun 2024 09:00 | Baxış sayı: 334
Diaspor inkişafın   çatışmayan hissəsidirmi?

Diaspor inkişafın çatışmayan hissəsidirmi?

Dünyada qaçqın və məcburi köçkünlərin sayı durmadan artır. Nə qədər ki, müharibələr davam edir, fövqəldövlətlər tərəfindən transmilli terror şəbəkələrinin fəaliyyətinə şərait yaradılır, bu fəlakət qurbanlarının sayının artacağı güman edilir. Bu böyük və fərqli kütlələlərin problemlərinin öhdəsindən gəlmək isə asan iş deyil. Ehtiyacı olan əhaliyə yardım almaq inkişafın daha ağıllı və sürətli, eyni zamanda səmərəli olan yeni yollarını arayıb axtarmağı tələb edir. Status-kvo artıq seçim deyil, keçmişdə qalıb.

Sözügedən yeni yol axtarışlarında rəğbət qazanan istiqamətlərdən biri də diasporlarla işin qurulmasıdır. Diaspor bildiyimiz kimi, keçmiş miqrant və qaçqınlardan ibarət institutdur ki, bu tip qurumlar maliyyə toplama, inkişaf işləri və bəzi hallarda siyasi fəaliyyət vasitəsilə yaşadıqları ölkələrə kömək edə bilirlər.

Bəs elə isə diasporlar bu işə hansı töhfələr verə bilər?

Məsələn, ABŞ, Avstraliya və Böyük Britaniya kimi ölkələrdə təşkilatlana bilmiş Cənubi Sudan diasporaları vətənlərinin bərpası və sülh təşəbbüslərini təşviq etmək üçün kömək edə biləcək soydaşlarını yetişdirmək və dəstəkləmək üçün çox çalışırlar.

Suriya diasporunun BMT və digər beynəlxalq təşkilatlardakı fəaliyyəti diqqəti çəkəcək qədər təqdirəlayiqdir.

Mənfur qonşularımızın da bu istiqamətdəki fəaliyyəti barədə çox eşitmişik. Lakin bizim torpaqlarımız 30 ilə yaxın bir müddətdə işğal altında qalsa da, ata-baba yurdlarımızın azad olunması, haqq səsimizin dünyaya çatdırılmasından ötrü dövlətimizə əhəmiyyətli dəstək verən çox az diaspor təşkilatı gördük. Maliyyə yardımından danışmağa belə dəyməz.

Bütün bu misallardan sonra belə bir sual yaranır: diaspor inkişafın çatışmayan hissəsidirmi? Əgər elədirsə, onları bu qədər dəyərli edən nədir? Və onların ehtiyacı olan insanlara yardım çatdırması üçün nə etmək olar?

Pul köçürmələri

Diasporların inkişafa kömək edə biləcəyi ən gözəçarpan yollardan biri pul köçürmələridir.

Dünya Bankı hələ səkkiz il öncə inkişaf etməkdə olan ölkələrə rəsmi qeydə alınmış pul köçürmələrinin 427 milyard ABŞ dollarına çatdığını bildirirdi. Bu rəqəmə özəl pulköçürmə qrupları vasitəsilə qeyri-rəsmi həyata keçirilən pul köçürmələri daxildir. Ailə üzvlərinə göndərilən vəsaitlər və mallar bu statistikaya daxil deyil.

Pul köçürmələri bir çox ölkələrin yardım büdcələrini üstələyir. Onlar humanitar böhran zamanı tez maliyyə mənbəyi təmin edə bilirlər.

2009-cu ildə Samoada baş verən sunamidən sonra zərər çəkmiş ailələrin 90%-nin xarici diaspordan beynəlxalq pul köçürmələri aldığı təxmin edilir. Onların 72%-i həmin vəsaitləri fəlakətdən sonra bir həftə ərzində alıb. Rəsmi yardım sistemləri nadir hallarda belə vaxtında nəticələr əldə edə bilir.

Sierra Leonedə ebola epidemiyası zamanı diaspor qrupları bir araya gəlmiş və hətta ehtiyacı olan insanlara kömək etmək üçün İngiltərədə Diaspora Ebola İşçi Qrupu yaratmışdılar.

Suriyada da bütün yardımların 75%-i diaspor qrupları tərəfindən dəstəklənən yerli təşkilatlar vasitəsilə həyata keçirilir.

Beynəlxalq alətlər

Beynəlxalq Miqrasiya Təşkilatı və BMT-nin İnkişaf Proqramı kimi qurumlar diasporların bacarıq və biliklərini qəbul edərək, ixtisaslı diaspor üzvlərinə müvəqqəti olaraq mənşə ölkələrinə qayıtmalarına kömək etmək və təcrübə sahələrində təlim keçmək üçün praktiki proqramlar həyata keçirirlər. Məsələn, Danimarka Qaçqınlar Şurası fövqəladə hallara cavab tədbirlərini əlaqələndirməklə və inkişafa yardım üçün kiçik qrantlar verməklə diasporları dəstəkləyir.

Avstraliyada Diaspora Fəaliyyəti müharibə və münaqişələrdən əziyyət çəkən ölkələrin icmaları ilə öz mənşə ölkələrində sülh, inkişaf və insan hüquqlarının təşviqinə kömək etmək üçün qabaqcıl iş aparır.

Güman edirik ki, bizim diaspor təşkilatları da bu praktikadan yararlanaraq ölkəmizə yardım üçün səmərəli işlər görə bilərlər.

Bununla belə, qeyd olunan səylər çətinliklərdən də xali deyil. Rəsmi yardım təşkilatları diaspor qruplarının öz işlərində neytrallıq, humanizm, qərəzsizlik və müstəqillik kimi fundamental prinsipləri qurban verə biləcəyi ilə bağlı narahatlıqlarını da ifadə edirlər. Yardım işinin bütövlüyü bu prinsiplərin yerinə yetirilməsindən asılıdır, xüsusən də yardım işçilərinə hücumlar olan bir vaxtda. Buna cavab olaraq, bəzi diaspor təşkilatları yerli kontekstlər haqqında dolğun biliklərin və icmalara yaxın olduqlarını arqument kimi irəli sürürlər.

İnvestisiya və innovasiya üçün imperativlər

Diasporlar tərəfindən edilən pul köçürmələri bəzi dövrlərdə taleyüklü hadisə rolunu oynaya bilir. Məsələn, Keniya 2015-ci ildə diaspor siyasətinə başlayıb. Nəticəsə 3 milyon diaspor üzvü tərəfindən göndərilən pul köçürmələri ölkə ÜDM-nin ən azı 3%-ni təşkil edib.

Suriyada da pul köçürmələri müəyyən dövrlərdə daxili inkişafda səmərəli rol oynaya bilib.

Diaspor qrupları təkcə yalnız pul transferləri ilə deyil, innovativ layihələr, startaplarla, həmçinin kadr potensialı yetişdirməklə Ana Vətənin inkişafına dəstək olurlar. Amma təkrarən yenə də vurğulayaq ki, beynəlxalq donorların vasitəsilə müəyyən çatışmazlıqları aradan qaldırmaq olar.

Məsələn, diaspor qruplarının çoxsaylı və mürəkkəb koordinasiya görüşlərində iştirak etmək üçün nou-hau və kadr potensialı yoxdursa, beynəlxalq QHT-lər və BMT agentlikləri ilə daha sıx əməkdaşlıq bu boşluğu aradan qaldıra bilər. Diaspor təşkilatları çox vaxt ənənəvi donorların maliyyə imkanlarını əldən verirlər, çünki müxtəlif – obyektiv və subyektiv səbəblərdən onlar təkliflər yazmaq bacarığına malik deyillər. Buna görə də insan kapitalının inkişafı daim diqqətdə saxlanılmalıdır. Biz həqiqətən daha çox maddi dəstəyə ümid bəsləyiriksə, o zaman insan kapitalını diqqətdə saxlamalıyıq. Bacarıqlı kadrlar təkcə beynəlxalq təşkilatlardan deyil, digər qaynaqlardan da investisiya cəlb etmək üçün səmərəli işər görə bilər.

Diaspora.TV-nin
Analitik Qrupu

Şərhlər

Yaz...