Tarix: 07.07.2024 / 08:35
Diaspor mədəniyyəti nədir və   nəyə lazımdır?

Diaspor mədəniyyəti nədir və nəyə lazımdır?

Mövcud beynəlxalq proseslər hər bir dövlətdən çevik və genişmiqyaslı diplomatiya tələb edir. Beynəlxalq arenada getdikcə artan gərginlik fonunda diplomatiyamızın daha effektiv bir mexanizm kimi işləməsindən ötrü bu sahəni yalnız xarici siyasət mütəxəssislərinin öhdəsinə buraxılması da insafdan olmaz. Dövlətinin və vətəninin təəssübünü çəkən hər kəs daxildə olduğu kimi, xarici siyasətdə də uğur qazanılmasına bacardığı töhfələri verməlidir. Bu kontekstdə daisporlarmızın üzərinə çox böyük yük və vəzifə düşür.

Diaspor nə qədər ictimai məzmun kəsb edən institut olsa da bu təsisatın ilkin özünütəqdimi əsasən mədəniyyət əsasları üzərindən edilir. Ona görə də diasporumuzun etnik identikliyimizi özündə ehtiva edən mədəniyyət layihələri həyata keçirməsini xüsusi diqqətdə saxlamaq vacibdir. Bu sahə başlı-başına biraxılmamalı, diaspor təşkilatlarımızın mədəniyyətimizi (dolayısı ilə dövlətimizi və xalqımızı) yüksək səviyyədə təqdim və təbliği sistemli şəkildə həyata keçirilməli, bunun üçün konsepsiya işlənib hazırlanmalıdır. Bu sahədə sistemli və səviyyəli fəaliyyəti elmi yanaşma tələb edir...

Yeri gəlmişkən, çox böyük təəssüf hissi ilə qeyd edək ki, ölkəmizdə diaspor sahəsinə dair elmi tədqiqatlar aparılması qənaətbəxş səviyyədə deyil. Sözügedən sahə ilə bağlı elmi tədqiqatların sayı həddən artıq azdır. Elmi-konseptual yanaşma olmazsa, diaspor hərəkatında da lazımı nəticələr əldə etmək mümkün olmaz.

Son illərdə sosioloqların, filosofların və mədəniyyətşünasların araşdırmaları müxtəlif diasporların mədəniyyətinin formalaşması probleminə diqqətin artdığını göstərir. Diaspor mədəniyyəti dedikdə, başqa mühitdə yaşayan, ümumi identiklik ilə birləşən, qrup həmrəyliyi hissində ifadə olunan etnik azlığın mədəniyyəti başa düşülür.

Etnik mədəniyyətin təzahür formalarından biri olan diaspor mədəniyyəti yaxın olsa da, onunla eynilik təşkil etmir. Onların arasında münasibət belədir: istənilən diasporun mədəniyyəti etnik mədəniyyətdir, lakin heç bir etnik mədəniyyət diaspor mədəniyyəti deyil.

Diaspor mədəniyyəti atributiv xüsusiyyətlərlə yanaşı müəyyən özünəməxsusluqlara da malikdir. Ona görə də diaspor təşkilatlarımızın mədəniyyət sahəsindəki fəaliyyətini təşkil edərkən bu xüsusiyyətlər diqqətdə saxlanılmalıdır. Diasporun yerləşdiyi ölkənin ciddi mədəni təsirinə məruz qalması, xüsusilə uyğunlaşma mərhələsində yüksək etnomədəni marginallığa malik olması nəzərə alınmalıdır. Diaspor mədəniyyətimizin lazımi səviyyədə təşkili həm də mühacir soydaşlarımızda milli özünüqoruma instinktinin formalaşmasını şərtləndirir.

Millətlərarası təmasların qurulması prosesində də diaspor mədəniyyətinin nümayəndələri obyektiv zərurətlə digər etnik icmaların qonşu mədəniyyətləri ilə qarşılıqlı əlaqədə olurlar. Sözügedən əlaqələr normal qurularsa, bu fenomen diaspor təşkilatlarımızın gücünə güc qatar. Daha güclü lobbi fəaliyyəti qurmağa nail olmuş diaspor qurumları ilə əməkdaşlıq ümumi işin xeyrinə olardı.

Bu konsepsiyanın hazırlanmasına isə təkcə diaspor sahəsinə məsul olan qurumlar deyil, eyni zamanda Mədəniyyət, Elm və Təhsil, Xarici İşlər nazirlikləri ilə yanaşı, mütəxəssislər, üçüncü sektor təmsilçiləri də cəlb olunmalıdır. Diaspor və mədəniyyət sahəsində tədqiqat aparan alimlərimiz, müəyyən təcrübə toplamış qeyri-hökumət təşkilatları, diaspor fəallarının da iştirakı ilə sanballı bir konseptual sənəd hazırlanıb icraya yönəldilsə, təkcə diaspor deyil, diplomatiya sahəsində də böyük uğruların qazanılmasına ciddi dəstək verilmiş olar.

Diaspora.TV-nin
Analitik Qrupu

Şərhlər

Yaz...