Tarix: 13 İyun 2024 09:32 | Baxış sayı: 429

Diasporla iş daha yüksək səviyyəyə qaldırılmalıdır

“Diasporla gündəm” verilişinin növbəti qonağı Milli Məclisin deputatı Ceyhun Məmmədov olub.

Millət vəkili söhbət zamanı “Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatı haqqında” Qanun layihəsi, diaspor quruculuğu, azərbaycanlıların kompakt yaşadığı yerlərdə din xadimlərinin təyin edilməsinin mümkünlüyü kimi bir sıra vacib məsələlərə münasibət bildirib.

Millət vəkili xaricdə yaşayan azərbaycanlıları ən çox maraqlandıran məsələlərdən biri olan “Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatı haqqında” Qanun layihəsi və “Soydaş kartı” məsələsinə toxunub:

“Qanunların qəbulu ilə bağlı bir neçə mərhələ var. Adətən təcrübədə hər bir qurum öz sahəsi ilə bağlı qanunvericilik aktlarını hazırlayıb Milli Məclisə təqdim edir. Bəzən məsələnin spesifikliyi nəzərə alaraq qanun layihəsi hazırlanır. Düşünürəm ki, belə bir qanunun hazırlanmasına və qəbuluna ehtiyac var”.

C.Məmmədov qeyd edib ki, “Soydaş kartı” ilə bağlı ideya da yaxşıdır, amma bu yöndə çevik bir mexanizmin, sistemin yaradılması lazımdır:

“Hesab edirəm ki, biz bu istiqamətdə ciddi düşünməliyik. Dünyanın müxtəlif şəhərlərində azərbaycanlılar yaşayır və onlar kifayət qədər uğur qazanıblar. Onların Azərbaycana bağlılığının gücləndirilməsi olduqca önəmli məsələdir. Bilməliyik ki, onlar bizdən nə istəyir”.

Millət vəkili bəzi ölkələrdə din xadimlərinin təyin olunması məsələsinə də aydınlıq gətirib:

“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xətti ilə bir sıra dövlətlərdə, məsələn, Türkiyədə, Gürcüstanda, Rusiyada yaşayan soydaşlarımızın dinlə bağlı məsələlərinin tənzimlənməsi, onlara dəstək verilməsi məqsədilə din xadimlərinin fəaliyyəti mümkündür”.

C.Məmmədov bunun kifayət qədər mürəkkəb bir proses olduğuna da diqqət çəkib.

Xarici ölkələrdə yaşayan soydaşlarımızın zaman-zaman dini ideologiyaların qurbanlarına çevrildiyini, təhdidlərə məruz qaldığını bildirən millət vəkili sözügedən insanların dini ehtiyaclarının ödənilməsinin vacibliyini vurğulayıb.

“Din xadimlərimizin xaricdəki səfirliklərimizdə fəaliyyət göstərməsinə ehtiyac var”, - deyə millət vəkili əlavə edib.

Şərhlər

sevda yusifova

Aparıcının səsi nə qəşəngdi

14 İyun 2024 10:10

Tural İslam

Veriliş çox gözəl alınıb Aparıcının çox gözəl səsi var əsil aparıcı səsi əhsən

13 İyun 2024 15:04

Teymur Həsənov

Bu xanımı məndə tanıyıram çox gözəl aparıcıdı Halal olsun verilişdə əla çıxıb

13 İyun 2024 13:18

Sevinc Əmirova

Ayşən xanımı mən tanıyıram çox gözəl istedadlı aparıcıdı

13 İyun 2024 12:52

Yaz...