Tarix: 08 İyul 2024 09:51 | Baxış sayı: 272

Hara getsək yenə də azərbaycanlıyıq - Assosiasiya rəhbəri

“Diasporla müsahibə” verilişinin növbəti qonağı Böyük Britaniya Azərbaycan Qadınları Assosiasiyasının rəhbəri Ülviyyə Tağızadə olub.

Ü.Tağızadə müsahibəsində sədri olduğu cəmiyyətin yaranma tarixindən və fəaliyyət istiqamətlərindən, eləcə də diaspor fəaliyyəti göstərmək istəyən xanımlara dəstək məqsədi ilə bəzi məsələlərə aydınlıq gətirib.

Ü.Tağızadənin sözlərinə görə, 2017-ci ildən etibarən Azərbaycan Qadınları Assosiasiyası fəaliyyətə başlayıb:

“2015-2021-ci illərdə Azərbaycan və Böyük Britaniya səfirliklərinin tədbirlərini təşkil etmişəm, diplomatik missiyanın təmsilçisi olmuşam. Assosiasiya fəaliyyətə başlayandan sonra üzvlər və özüm maddi-mənəvi ehtiyaclarımızı qarşılayırıq. Bu cəmiyyəti qurmaqda əsas məqsədim Azərbaycan xanımlarının necə bacarıqlı və istedadlı olduqlarını göstərmək idi. 2021-ci ildən bəri Diaspora Komitəsi və səfirlik tərəfindən təşkil edilən tədbirlərə qatılıram”.

“Düşünürəm ki, əgər öz ölkəni sevirsənsə, heç bir dəstəyə ehtiyac yoxdur. Dəstək almadan da bu işi davam etdirməlisən, çünki diaspora könül işidir. Hansı ölkəyə getməyinizdən asılı olmayaraq siz özünüzlə Azərbaycanın da bir parçasını aparmış olursunuz. Bu səbəbdən öz milli və mənəvi dəyərlərimizə sayğı və ehtiramla yanaşaq, ölkəmizi layiqincə təmsil edək”, - deyə Assosiasiya rəhbəri qeyd edib.

Ü.Tağızadə əlavə edib ki, Diasporla İş üzrə Dövlət Komitəsindən gələcək hər hansı birgə layihə təklifini dəyərləndirə bilər:

“Birgə fəaliyyətdən böyük zövq alaram. Gənc və eləcə də xanım diaspor fəallarına dəstək lazım olarsa, bir ideyaları olarsa, məmnuniyyətlə qəbul edərəm. Şərt deyil ki, bunu mən düşündüm, təkcə mən edim. Başqalarının da ideyaları və planları ola bilər. Hər zaman dəstək olmaq lazımdır. Bir-birimizə kömək etsək, ölkəmizi daha yaxşı təmsil edə bilərik”.

Şərhlər

Yaz...