Tarix: 14 İyun 2024 09:11 | Baxış sayı: 4716

“Min bir gecə” serialındakı rolum erməniləri ayağa qaldırdı

Diaspora.TV-də yayımlanan “Uğurlu soydaş” verilişinin növbəti qonağı 33 ildir Türkiyədə yaşayan soydaşımız, Azərbaycanın Əməkdar incəsənət xadimi Məlahət Abbasova olub.

M.Abbasova verilişdə öz uğur hekayəsindən, incəsənət və diaspor fəaliyyətindən söz açıb.

2015-ci ildə Türkiyədə ilin rejissoru seçilən Məlahət Abbasova qardaş ölkəyə ilk gedişini belə xatrlayıb:

“1991-ci ildə ilk dəfə teatrla bərabər Türkiyəyə gəldim. Mənim vizam var idi, rəhmətlik Həsən Turabov dedi ki, get. Sonra həyat yoldaşımla burada tanış olduq. Baxmayaraq ki, mən yeni gələndə türk dilim yaxşı deyildi, ancaq ailəm mənə dəstək oldu. Beləliklə də Türkiyənin ən böyük teatrı olan İstanbul şəhər teatrında işə qəbul oldum. Ailəsi və yoldaşım mənə hər zaman dəstək idilər”.

Aktrisa bildirib ki, Türkiyədə Azərbaycanın tanıdılması istiqamətində bir çox film və tamaşalar səhnələşdirib:

“Vətəndən kənarda yaşayan hər kəsin ən böyük məqsədi Azərbaycanı təbliğ etməkdir. Mən İstanbula yeni gələndə dünyanın ən böyük kitabxanası hesab olunan kitabxanada bir dənə Azərbaycana aid kitab tapmadım. Bundan sonra qarşıma məqsəd qoydum ki, Azərbaycan əsərlərini tərcümə edib teatrda tamaşaya qoyacağam. İlk dəfə Bəxtiyar Vahabzadənin “İkinci səs” əsərini tərcümə etdim. Bu gün artıq kitabxanamızda 15-dən çox əsər tərcümə olunub”.

M.Abbasova qeyd edib ki, ötən illərlə müqayisədə bu gün Türkiyə Azərbaycanı yeni-yeni tanımağa başlayır:

“1990-cı illərdən sonra azərbaycanlılar Türkiyəni tanımağa başladılar. Onları mahnıları, filmləri ilə tanıdıq. Lakin Türkiyə bizi o qədər də tanımırdı. Bunun səbəbləri də çoxdur. Əvvəla, Türkiyə 80 milyondan artıqdır və bizim onlara maraqlı olmamağımız normaldır. Türkiyə bizim üçün Avropaya çıxış imkanı yaradan dövlətdir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyevin qardaşlıq siyasəti nəticəsində iki qardaş ölkə artıq bir-birini daha yaxından tanımağa başlayıb. Türklər indi azərbaycanlıları çox yaxşı tanıyır və hər şeydən də xəbərdardırlar”.

M.Abbasova qeyd edib ki, soydaşlarımız qardaş ölkədə vahid güc halında birləşməyi bacarıblar:

“Cənab Prezident İlham Əliyevin istəyi, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun fəaliyyəti nəticəsində Türkiyədə yaşayan azərbaycanlılar birliyə nail olublar. Dərnəklər, təşkilatlar və Azərbaycan evləri ilə münasibətlərimiz yaxşıdır, tədbirlərdə və bayramlarda bir araya gəlirik. Mən səhnəyə tamaşalar qoyanda dövlət rəsmiləri və eləcə də soydaşlarımız gəlib izləyirlər”.

Aktrisa bildirib ki, “Min bir gecə” serialında olan xarakter özü də bir növ Azərbaycanın təbliği olub:

“Çünki həmin xarakter Azərbaycandan gəlmiş çox xeyirxah bir xanım idi. Onun timsalında azərbaycanlı xanımları tanımaq olardı. Həmin serial dünyanın dörd bir tərəfində izləndi. Orada Qarabağ həqiqətlərində də söz açılırdı. Bu səbəbdən ermənilər istəmirdi ki, serial yayımlansın. Buna görə, aksiyalar keçirdilər, əlbəttə, heç bir nəticə əldə edə bilmədilər. İlk vaxtlar Türkiyədə fəaliyyətimə görə, Azərbaycandan dəstək görmədim, sadəcə media qurumları dəstək oldular. Zamanla hər kəs tanıdı və fəaliyyətimlə yaxından tanış oldular. Hazırda isə dövlətimin və xalqımın dəstəyi ilə hər şey qaydasındadır”.

Şərhlər

Yaz...