Tarix: 22 May 2024 17:19 | Baxış sayı: 5562
Azərbaycanlı həkimin fədakarlığı:  Bəs, AZAL bilet hədiyyə edəcəkmi?

Azərbaycanlı həkimin fədakarlığı: Bəs, AZAL bilet hədiyyə edəcəkmi?

Almaniyanın Bad-Mergentheim şəhərinin “Karitas” xəstəxanasının Endourologiya şöbəsinin rəhbəri, soydaşımız Hikmət İsmayılov təyyarədə iki sərnişini ölümdən xilas edib.

Diaspora.TV xəbər verir ki, bu barədə H.İsmayılov özü məlumat verib.

Tanınmış həkim həm də Azərbaycan Hava Yollarını digər xarici daşıyıcılarla müqayisə edib:

“Bir neçə gün öncə saat 02:15-də AZAL-ın Almata şəhərindən Bakıya uçan J254 saylı reysində səyahət edirdim. Gecə reysində yenicə yuxulamışdım ki, məndən 2 sıra öndə olan təşvişin səsinə oyandım. Sərnişinlərdən birinin halı pisləşmişdi. Baş uçuş bələdçisi həmin sərnişinin yanındakı digər sərnişinləri arxaya göndərmişdi, bir tərəfdən pilota vəziyyət haqqında durmadan məlumat verir, digər tərəfdən də halı pisləşən sərnişinə qəbul etdiyi dərmanlar barəsində suallar verirdi. Həkim refleksi olaraq ora yaxınlaşdım. Təyyarədən olan imkanlarla xəstəyə ilkin tibbi yardım etdim. Təxminən 30 dəqiqə yardımdan sonra bələdçi xəstənin vəziyyətinin normallaşdığını və pilota təcili enişə ehtiyac olmadığını xəbər etməsini bildirdim. Daha 15-20 dəqiqədən sonra, yerimə yenicə əyləşmişdim ki, arxada daha bir hipertonik qadının vəziyyətinin pisləşdiyini və onun da köməyə ehtiyacı olduğunu bildirdilər. Təbii ki, həmin xanıma da məmnuniyyətlə yardım etdim. Nəticədə hər iki sərnişinlə sağ-salamat Bakıya çatdıq”.

H.İsmayılov qeyd edib ki, təyyarədə bənzəri hadisələr tez-tez olur:

“Son dəfə Türk Hava Yollarının təyyarəsində bənzəri hadisə 3 il öncə başıma gəlmişdi. Sonda hadisə ilə bağlı xüsusi blank doldurulmuşdu və mənə təşəkkür olaraq uçuş bileti hədiyyə edilmişdi. Mən və digər həkim dostlar təbii ki, bu cür yardımları təmənnasız edirik. Deyək ki, belə hadisə ilə mən yox hər hansı xarici millətdən olan bir həkim qarşılaşır. AZAL-ın belə dəyərlərə hörməti sadəcə alqışlana bilərdi və bu məsələlərdə rəqib şirkətlərə uduzmazdı. Qeyd edim ki, bu məlumatdan sonra AZAL-dan mənə hər hansı bilet təklif edilsə, qəbul etməyəcəm və bunu birbaşa olaraq Yaşat Fonduna ianə etmələrini təklif edirəm”.

H.İsmayılov uçuş zamanı onun təlimatlarını dinləyib kömək edən digər sərnişinlərə və uçuş heyətinə təşəkkür edib.

Xəyalə Zöhrab
Diaspora.TV



Şərhlər

Leyla Məcidova

Allah Azərbaycanın adını uca edən Hikmət həkimə uzun,bərəkətli ömür nəsib etsin, çıxdığı yolda heç vaxt peşman olmasın amin

18 İyun 2024 14:59

İsmayilov.Elnur

Sağolsun.belə.həkimə.təki.hamlsl.belə.olardl

12 İyun 2024 20:20

Nazim Alıyev

Əvvəla Hikmət həkimi salamlayıram. O həqiqətən fəxr olunmalı soydaşımızdır. Mənim də almaniyada müalicəmə çox böyük köməklik göstərib. Xeyirxah insandır.ulu tanrıdan ona uzunömür və uğurlar arzulayıram

12 İyun 2024 08:57

Yaz...