Moskvada yaşayan azərbaycanlı iş adamı, Xalq artisti Emin Ağalarov ailəsinə məxsus “Crocus City Hall”da törədilən terror hadisəsi ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Diaspora.TV xəbər verir ki, Emin Ağalarov hadisələrdən 40 gün keçdiyini bildirib:
"40 gün əvvəl "Crocus City Hall"da 144 nəfərin ölümü ilə nəticələnən dəhşətli terror aktı baş verdi. Yüzlərlə insan zərər çəkdi, bir çoxunun hələ də köməyə ehtiyacı var. Bütün bu günlərdə Müslüm Maqomayev Fondu zərərçəkənlərə kömək məqsədilə xeyriyyə aksiyası keçirib. Qayğıkeş insanların sayəsində fond təxminən 140 milyon rubl toplaya bilib. Bu müddət ərzində ölən və yaralananların 80-dən çox ailəsi və yaxınları kömək istəyib. Mən bir daha həlak olanların bütün ailələrinə səmimi başsağlığımı, o dəhşətli axşam insanların xilasına kömək edən hər kəsə dərin təşəkkürümü və bütün qurbanlara hələ də dəstək verənlərə böyük hörmətimi bildirmək istəyirəm".
Qeyd edək ki, Moskvada "Crocus City Hall"da terror aktı martın 22-də törədilib. Ən son məlumata görə, hadisə nəticəsində 144 nəfər həlak olub, daha 551 nəfər isə xəsarət alıb. Terror aktını törətməkdə təqsirləndirilən 4 nəfər həbs edilib. Saxlanılan daha 5 nəfər isə cinayətdə iştirak etməkdə ittiham olunur.