Tarix: 07 May 2024 12:52 | Baxış sayı: 731
Azərbaycan diaspor mediasına daha çox sərmayə qoymalıdır...   - Ceyhun Nəcəfli

Azərbaycan diaspor mediasına daha çox sərmayə qoymalıdır... - Ceyhun Nəcəfli

“Kalgaridəki Azərbaycan icması öz milli mədəniyyətini və bayramlarını qeyd etməklə yanaşı, yerli Kanada siyasətçilərini də tədbirlərinə dəvət edərək Azərbaycan həqiqətlərinin tanıdılması istiqamətində fəal işlər aparır”.

Bu sözləri Diaspora.TV -yə açıqlamasında Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətinin (ALACS) rəhbəri Ceyhun Nəcəfli deyib. Onun sözlərinə görə, Həmrəylik Günü və Novruz bayramları hər il geniş miqyasda qeyd olunur:

“Bu bayramlar zamanı Azərbaycan mədəniyyəti, musiqisi və milli yeməkləri təqdim edilir, bu da yerli cəmiyyəti Azərbaycanın zəngin mədəni irsi ilə tanış etməyə imkan yaradır. Eyni zamanda, Azərbaycan Respublikasının Müstəqillik Günündə Kalgari Şəhər Məclisi önündə Azərbaycan bayrağının qaldırılması mərasimi keçirilir. Bu mərasimlərə Kanada siyasətçilərinin cəlb edilməsi, onların Azərbaycanın tarixi və müstəqillik mübarizəsi haqqında daha dərin anlayışa malik olmalarını təmin edir”.

C.Nəcəfli vurğulayıb ki, diaspor fəaliyyətimizdə qarşılaşdığımız ən böyük problemlərdən biri Kanadada anadan olan gənc nəslə Azərbaycan dilini öyrətməyin çətinliyidir:

“Bu problemi həll etmək üçün müxtəlif alətlərdən istifadə etməyi düşünürük. Onlayn kurslar, tədris materialları və fərdi repetitorluq kimi resurslar gənclərimizin dil bacarıqlarını inkişaf etdirmək üçün effektiv yollar təqdim edə bilər. Həmçinin, dil öyrənməyə maraq göstərən şəxslər üçün müntəzəm dil praktikası sessiyaları təşkil etmək, Azərbaycan dilini daimi olaraq istifadə etmək imkanını yaradacaq. Bu cür tədbirlər yolu ilə gənc nəslin dilimizi daha yaxşı mənimsəməsini və Azərbaycan mədəniyyəti ilə daha dərin əlaqə qurmasını təmin etmək mümkündür”.

C.Nəcəfli qeyd edib ki, Kalgaridə yaşayan Azərbaycan diasporunun bu şəhərin ictimai-siyasi həyatına və mediasına nüfuz etməsi üçün bir sıra işlər görülməlidir:

“Əvvəla, yerli qurumlarla əlaqələri gücləndirmək, şəhər idarəetməsində və siyasi proseslərdə daha fəal iştirak etməliyik. Bu, müxtəlif siyasi partiyalarla əməkdaşlığı, mədəni və ictimai tədbirlərdə iştirakı da əhatə edir. İkincisi, Azərbaycan diaspor mediasına daha çox sərmayə qoymalı, yerli KİV-lərdə məqalələr və süjetlər yayımlamaqla cəmiyyətdə məlumatı artırmalıyıq. Bu tədbirlər vasitəsilə Azərbaycan diasporu Kalgaridəki ictimai-siyasi mühitin bir hissəsi olaraq daha təsirli rol oynaya bilər”.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...

İran İsrailin əmrlərini necə    icra edir?
Video Qalereya, Cənub vaxtı

İran İsrailin əmrlərini necə icra edir?