BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) yaxınlaşdıqca siyasətçilər, jurnalistlər, analitiklər və fəallar birgə səy göstərməlidirlər ki, Azərbaycan xalqına və dilinə orada yaşayan insanlar kimi düzgün müraciət edilsin - “azərilər” yox, azərbaycanlılar deməlidirlər.
Bu barədə Amerika Siyasi Elmlər Assosiasiyasının üzvü, professor Brenda Şaffer və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun siyasi araşdırmalar, təhlil və nəşrlər üzrə direktoru Damyan Krneviçin “Real Clear Energy” portalında dərc olunmuş məqaləsində deyilir.
Müəlliflərin fikrincə, “azərbaycanlı” termini bir neçə hecadan ibarət olduğundan, qısaldılmış “azəri” termini istifadəçilər tərəfindən daha çox üstünlük təşkil edir: “Bununla belə, heç bir media orqanı ABŞ-nin Kaliforniya ştatını “Calif” adlandırmır. Mikroneziya da tam yazılır və tam adlandırılır. ABŞ Prezidenti Cozef Baydenin bu yaxınlarda qeyd etdiyi Papua Yeni-Qvineyanı və yaxud Bosniya və Herseqovina, Antiqua və Barbuda kimi bir neçə regiondan birləşdirilmiş ölkələri unutmamalıyıq. Digər xalqların və dillərin indoneziyalı və makedoniyalı kimi beş hecalı adları var və media onları ixtisar etmir”.
Məqalədə qeyd olunub ki, bu cür abreviaturalar daha narahatedici səslənir, çünki “azəri” ifadəsinin işlədilməsi tarixə söykənir - bir vaxtlar Azərbaycan xalqı imperiya müstəmləkəçiliyinə məruz qalıb./Report