“Azərbaycan diaspor fəaliyyətində müəyyən canlanma hiss olunur. Müxtəlif dövlətlərdə Azərbaycan Evlərinin yaradılmasını da faydalı hesab edirəm. Ancaq bu azdır”.
Bu fikirləri Diaspora.TV -yə açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, Qərb ölkələrindəki erməni lobbisi anti-Azərbaycan və anti-Türk fəaliyyətlərinə ara vermirlər:
“Əlbəttə, erməni lobbisinin Qərb ölkələrində yerləşməsi və güclənməsi uzun tarixə malikdir. Ancaq bu, o demək deyil ki, bu durumla barışmalıyıq. Fransa ermənipərəst mövqedən çıxış edir, bu məlum faktdır. Ancaq təəccüblü orasıdır ki, Fransa parlamentində səsvermədə cəmi bir nəfər Azərbaycan əleyhinə sənədə səs verməyib. Axı, Emmanuel Makron prezident seçilənə qədər Fransa ilə sıx təmaslarımız, siyasilərin gediş-gəlişi və dialoq mövcud idi? Belə çıxır ki, onlar bir anda Azərbaycana arxa çevirdilər. Halbuki, onlarla davamlı iş aparılmalıydı. Fransadakı diasporumuzun təmsilçiləri də bölgədəki həqiqətləri onlara anlatmalıydılar”.
Politoloq qeyd etdi ki, Fransada Xurşidbanu Natəvanın heykəlinə rəng atdılar, aylarla heykəli ağ parça içində saxladılar:
“Buna qarşı da Fransada kiçik də olsa etiraz olmadı, keçmiş illərdə Azərbaycanla münasibəti olan siyasətçilərdən, ictimai xadimlərdən səs çıxmadı. Bunu həm də zəif diaspora fəaliyyəti ilə əlaqələndirmək olar. Nə etmək olardı? Diasporumuz Fransanın bir qrup ictimai və mədəniyyət xadiminin heykələ qarşı təxribatı ilə bağlı Makrona açıq məktub yazmağa təşviq edə bilərdilər. Bunu da mətbuatda geniş işıqlandırmaq mümkün idi”.
E.Şahinoğlu vurğuladı ki, lobbi fəaliyyətini gücləndirmək üçün xarici ölkələrdə yeni təşəbbüslərə və diaspora qrupları ilə müxtəlif ortaq layihələri reallaşdırmağa ehtiyac var:
“Misal üçün, Fransada Natəvanın heykəlinə qarşı təxribata cavab olaraq Xurşidbanu Natəvanın həyat və yaradıcılığı barədə Fransanın müxtəlif şəhərlərində, o cümlədən heykəlin olduğu şəhərdə yaradıcılıq gecəsinin keçirilməsi bizim ermənipərəst dairələrə tutarlı cavabımız olardı”.
Bəxtiyar Məmmədli
Diaspora.TV