Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurası Azərbaycana qarşı qəbul edilən qərəzli qətnaməyə görə Avropa Parlamentinə bəyanat ünvanlayıb.
Diaspora.TV
şuraya istinadən xəbər verir ki, bəyanatda ölkəmizin hər zaman qarşılıqlı maraq doğuran və milli maraqlarına uyğun olan məsələlərin müzakirəsinə, müvafiq qərarların qəbuluna dəstək verən beynəlxalq təşkilatlarla uğurla əməkdaşlıq etdiyi vurğulanıb.
"Lakin kənar qüvvələrin təsiri altında bəzi təşkilatlarda Azərbaycana qarşı qeyri-obyektiv və qərəzli münasibət nümayiş etdirilir. Belə qərəzli münasibət Avropa Parlamentində xroniki xarakter alıb. Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurası Avropa Parlamentində 25 aprel 2024-cü il tarixində Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq qətnamə qəbul etməsini ölkəmizə qarşı qərəzli siyasi aksiya kimi qiymətləndirir, yalan və saxta məlumatlar üzərində qurulmuş əsassız ittihamları qətiyyətlə rədd edir, beynəlxalq hüquq prinsiplərinə hörmətsizliyi özündə əks etdirən Avropa Parlamentin qəbul etdiyi qərəzli qətnaməsi və Azərbaycanla bağlı səslənən qərəzli ittihamları mütəmadi olaraq ölkəmizə qarşı aparılan qarayaxma kampaniyalarının tərkib hissəsi kimi dəyərləndirir", - bəyanatda vurğulanıb.
Bildirilib ki, Azərbaycanda insan hüquqlarının və azadlıqlarının qorunması, o cümlədən birləşmək hüququnun, sərbəst toplaşmaq, ifadə, söz və məlumat azadlıqlarının təmin edilməsi sahəsində vəziyyətin ikili standartlar əsasında qeyri- obyektiv şəkildə qiymətləndirilməsi yolverilməzdir:
"Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurası Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnaməsini şiddətlə qınayır Azərbaycan Dövlətinə qarşı yönəlmiş ikili standartlar siyasətinə son qoyulmasını qəti surətdə tələb edir".