Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının özbək dilində nəşrini təqdim edib.
Mərkəzdən Diaspora.TV-yə verilən məlumata görə, universitetin Özbək dili və ədəbiyyatı fakültəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən dekan Firuzə Bərxanova “Qılınc və qələm” romanının özbək dilində tərcüməsi və nəşrinin ədəbiyyatşünaslıq üçün böyük bir hadisə olduğunu qeyd edib. O, Özbək dili və ədəbiyyatı fakültəsi tələbələrinin Azərbaycan ədəbiyyatına böyük maraq göstərdiklərini vurğulayaraq romanın özbək dilində nəşrinin müəllim və tələbələr üçün çox dəyərli bir əyani vəsait olacağını diqqətə çatdırıb.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin inspektoru Kərimulla Məmmədzadə iki ölkə arasında ədəbi-mədəni əlaqələrdən, bu istiqamətdə Mərkəzin reallaşdırdığı layihələrdən danışıb.
Klassik Azərbaycan ədəbiyyatının görkəmli simalarından bəhs edən “Qılınc və qələm” romanının böyük Azərbaycan şairi Nizami Gəncəvi haqqında ən dəyərli bədii mənbə olduğunu vurğulayan Qurdoş Qəhrəmanov əsərin özbək oxucular tərəfindən böyük maraqla qarşılanacağını deyib.
Universitetinin dosenti Davron Qodirov çıxışında tarixi romanın Azərbaycanın mədəniyyətinin, ədəbiyyatının öyrənilməsi baxımından əhəmiyyətini qeyd edib.
Daşkənd Dövlət Pedaqoji Universitetinin Özbək dili və ədəbiyyatı fakültəsinin dosenti Mahbuba Orozbayeva isə məruzəsində M.S.Ordubadi və roman barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Tədbirin sonunda universitetin tələbələri tərəfindən Azərbaycan klassiklərinə aid poeziya nümunələri səsləndirilib.
Qeyd edək ki, Daşkənd şəhərində fəaliyyət göstərən “Niso naşriyot va matbaa uyi” poliqrafiya mərkəzində nəfis şəkildə çap olunan “Qılınc və qələm” tarixi romanının özbək dilinə tərcüməçiləri – Nazira Aliyeva, Muhsin Hamidov və Rustam Komilovdur. Nəşrin redaktoru və “Ön söz”ün müəllifi isə özbək alim Abdulla Uluqovdur.
Özbək dilində nəşr olunmuş “Qılınc və qələm” romanının Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanın aparıcı kitabxanalarına, ali təhsil ocaqlarına paylanması nəzərdə tutulub.