Milli Məclis “Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatları haqqında" AR qanun layihəsini qəbul etməlidir.
Bu sözləri Diaspora.TV -yə təhsil eksperti Kamran Əsədov xarici ölkə vətəndaşı olan azərbaycanlı gənclərə Azərbaycan ali təhsil müəssisələrində güzəştlərin tətbiq edilməsinin yollarından danışarkən deyib.
Ekspert həmin qanunun Nazirlər Kabineti tərəfindən təsdiq edilməsinin zəruriliyini qeyd edib.
Təhsil eksperti hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, Azərbaycan Ali Təhsil müəssisələrində yalnız Azərbaycan Respublikasının vətəndaşlarına təhsil haqqı güzəştləri tətbiq edilir:
“Azərbaycanlı hesab etdiyimiz toplum daha genişdir. Etiraf edək ki, bu gün Azərbaycandan kənarda yaşayan azərbaycanlılar üstünlük təşkil edir. Məsələn, Gürcüstanda bizim soydaşlarımız var. Hesab edirəm ki, biz “Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatları haqqında" AR qanunu qəbul edib, Gürcüstanda yaşayan azərbaycanlılara Azərbaycanın ali təhsil müəssisələrində ödənişsiz təhsil almaq imkanları yaratmalıyıq. Çünki hər il kifayət qədər Gürcüstanda yaşayan azərbaycanlı olur ki, onlar istər Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarla, istərsə də xarici vətəndaş kimi Azərbaycan ali təhsil müəssisələrinə qəbul olunurlar və onlar Azərbaycanda ödənişli əsaslarla təhsil alırlar”.
Ekspert hesab edir ki, xarici ölkələrdə yaşayan azərbaycanlıların həm Azərbaycanla əlaqələrini daha da genişləndirmək, həmçinin azərbaycançılıq ideologiyasını həmin ölkələrdə yaşatmaq üçün xarici ölkələrdə yaşayan azərbaycanlıların, məsələn, Gürcüstan, İran və digər ölkələrdə yaşayan azərbaycanlıların Azərbaycan ali təhsil müəssisələrinə qəbulu ilə bağlı güzəştlər tətbiq edilməlidir:
“Onlar xarici ölkələrin vətəndaşları olsalar belə azərbaycanlıdırlar. Düşünürəm ki, biz Milli Məclisdə “Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatları haqqında" AR qanunununu qəbul etməliyik. Bizim soydaşımız olan ölkədən asılı olmayaraq azərbaycanlıların Azərbaycanda ödənişsiz təhsil almaq imkanları yaradılmalıdır. Bundan əlavə onların müsabiqədən kənar ali təhsil müəssisələrinə qəbul olmaq imkanları verilməlidir. Bu Azərbaycan ali təhsil müəssisələrinin də reytinqinə təsir göstərir. Çünki xarici ölkə vətəndaşı Azərbaycan universitetlərinə daha çox gələrsə onlar Azərbaycan təhsil ocaqlarının beynəlxalq reytinqinə də müsbət təsirini göstərəcək”.
Kamran Əsədovun fikirincə, bu həmin şəxslərin Azərbaycan dilində yaxşı danışmasına da imkan verəcək:
“Onlar həm də Azərbaycan mədəniyyətini daha yaxından öyrənib, geri qayıdanda onu geniş yayıb, təbliğ edəcəklər. Biz bu addımı tezləşdirməliyik”.
Təhsil eksperti Məzahir Məmmədovun sözlərinə görə, təhsil haqqında qanun imkan verir ki, xarici ölkə vətəndaşları Azərbaycanda attestat təqdim eləməklə təhsil alsınlar və ölkələrinə savadlı, ali təhsilli bir kadr kimi qayıtsınlar:
“Bir halda ki, bu universitetlər xarici ölkə vətəndaşlarını hazırlamağa qadirdir niyə özümüzünkülər də olmasın. Bizim ali məktəblərə qəbul qaydalarımız çox ağırdır. 2026-ci ilin strateji planında 75 min abituriyentin qəbul olunması nəzərdə tutulur. Bunun üçün biz qəbul qaydalarını sadələşdirməliyik. Biz xarici ölkə vətəndaşlarına verdiyimiz hüququ öz vətəndaşlarımız üçün yaratmalıyıq”.
Jalə Əli
Diaspora.TV
Dilqəm
Universitetlər tələbələrə gəlir mənbəyi kimi baxırlar
09 May 2024 12:36