Tarix: 26 Mart 2024 17:43 | Baxış sayı: 255
Soydaşlarımızın həbsi davam edir

Soydaşlarımızın həbsi davam edir

Güney Azərbaycanda azərbaycanlıların İran rejimi tərəfindən təqibi və həbsi davam edir. Son bir neçə gün ərzində güneyli ətraf mühit fəalı Səid Salehi Təbrizdə atasının evinin qarşısında mülki geyimli hökumət qüvvələri tərəfindən həbs edilib və naməlum yerə aparılıb.

Diaspora.tv Güney teleqram kanallarına istinadən xəbər verir ki, belə həbslər hər gün olur.

Milli fəal Əhəd Seyfxah da martın 16-da İranın təhlükəsizlik_qüvvələri tərəfindən saxlanılaraq Tehrandakı zindana aparılıb və onun işgəncələrə məruz qaldığı bildirilir.

Təbriz sakini Mirəkbər Hüseyni də SEPAH-ın Kəşfiyyat İdarəsinə çağırılıb. Onun sosial şəbəkələrdəki paylaşımlarına görə çağırıldığı və dindirildiyi vurğulanır.

Güney Azərbaycan Milli Hərəkatının fəalı Fərhad Pakruhun atası Cəbrayıl Pakruh Şərqi Azərbaycan əyalətinin FƏTA (Kiberməkanə Nəzarət) Polis İdarəsinə çağırılıb.

Məlumata görə, Cəbrayıl Pakruh polis idarəsinin telefon zəngi ilə çağırılmasını qanunsuz hesab edib. Milli fəalın atası bildirib ki, polis idarəsinin əməkdaşları telefonda onu “biz sizinlə xoş rəftar etmişik, artıq həbs vaxtıdır”- deyə təhdid ediblər.

Ümumilikdə isə güneyli milli fəallardan Ayaz Seyfxah, Araz Aman, Baqir Hacızadə, Əbdüləziz Əzimi Qədim, Murtaza Pərvin, Tahir Nəqəvi, Kərəm Mərdanə, Hüseyn Piri və Kamal Nurinin həbsindən 50 gündən çox vaxt keçir və onlar hələ də Tehrandakı zindanda saxlanılırlar.

Məlumatlara görə, milli fəalların müvəqqəti olaraq sərbəst buraxılmasına icazə verilməyib.


Şərhlər

Yaz...