Tarix: 22 Aprel 2024 10:05 | Baxış sayı: 1135
Diaspora sistemini formalaşdıran əsas xüsusiyyət:  Milli kimlik...

Diaspora sistemini formalaşdıran əsas xüsusiyyət: Milli kimlik...

Milli özünüdərk, milli şüur səviyyəsinin yüksəldilməsi problemi təkcə ölkə içində deyil, həmçinin xarici mühacir icmaları, diaspora təşkilatları kimi kiçik toplumlarımz üçün də aktualdır. Milli kimliyin qavranılması diaspora şəraitində etnik qrupun müəyyən edilməsi onun üçün ən vacib şərtdir.

Milli diasporamızın mövcudluğunu saxlaması, fəaliyyətini davam etdirməsi və gücləndirilməsi üçün xaricdə yetişən gəncliyin bu prosesdən keçməsi xüsusi əhəmiyyət veriləcək vacib məsələdir. Diaspora hərəkatında milli özünüdərk arası kəsilmədən, davamlı getməsi zəruri olan bir prosesdir. Mühacirətdə milli kimliyin qavranılması milli diaspora sistemini formalaşdıran əsas xüsusiyyətlər sırasında aparıcı yer tutur.

Milli özünüdərk və özünüqiymətləndirmə Azərbaycan gənclərinin bütöv bir şəxsiyyət kimi yetişməsində və formalaşmasında əsas amillərdən biri olmaqla bərabər, həm də onların mənəvi simasını səciyyələndirən sosial-psixoloji aktdır. Xaricdə yetişən gəncliyin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması diaspora təşkilatçılarının qarşısında duran ən ümdə vəzifələrdən olmalıdır. Gənc nəslin milli ruhda yetişməsinə zəmin yaradan amillərin içərisində əlbəttə milli adət və ənənələr, xüsusən Ulu Öndərin tarixi mirası olan Azərbaycançılıq ideyası xüsusi önəm kəsb edir. Azərbaycançılıq ideyasının xaricdəki gənclər arasında düzgün təlqin və təbliğ edilməsi, aşılanması milli özünüdərk prosesinin mühüm əhəmiyyətə malik komponentlərindəndir.

Heydər Əliyev azərbaycançılığı bütöv bir xalqın – bütün dünyada yaşayan azərbaycanlıların, Azərbaycanla bağlılığı olan bütün soydaşlarımızın və həmvətənlərimizin söykəndiyi milli birlik platformasına çevirdi.

Ümummilli lider Heydər Əliyev milli özünüdərk prosesinin düzgün həyata keçirilməsi üçün konseptual düstur təqdim edirdi. Qeyd edirdi ki, bunun üçün ilkin şərt kimi gənclərə milli mənlik şüuruna güclü təsir edə biləcək didaktik materiallar əsasında məlumatlar aşılanmalı, əsas diqqət azərbaycançılıq ideyasını şərtləndirən əsas xüsusiyyətlərə yönəldilməlidir. Bəs, bu xüsusiyyətlər hansılardır?

Qeyd edək ki, diaspora elmi ilə məşğul olan tədqiqtçıları mühacir icmaları daxilində, diaspora təşkilatlarında milli kimliyin qavranılması üçün aşağıdakı mühüm amilləri təqdim edirlər:

1. Ana dili. Dilin rolu yalnız fikirlərin ifadəsi, daşınması və vasitəçilik etməklə bitmir. Dil cəmiyyətin inkişafının müəyyən mərhələsində etnik dillər formasında mövcud olmağa başlamış və hazırda da həmin mərhələni yaşamaqdadır. Ona görə dil bütövlükdə cəmiyyət üçün hansı rolu oynayırsa, hər hansı bir etnik birlik üçün də həmin rolu oynayır. Dil etnosun dünyanı dərk etməsi, həmin dərkin səviyyəsi olan etnik mədəniyyətin milli şüurunun mövcudluğunun əsas şərti və müəyyən dərəcədə yekunudur. Məhz buna görə bir sıra kosmopolit alimlər və hakim millətin ideoloqları istisna olmaqla, əksər mütəxəssislərin fikrincə, dil etnik birliyin – xalqın, etnik millətin varlığının əsas maddi-mənəvi əlaməti, milli mədəniyyətin bazası və obyektivləşdirilmə vasitəsidir. Ayrıca götürülmüş cəmiyyətin inkişafı dildə bir sıra dəyişikliklərin baş verməsinə, onun baş verən dəyişiklikləri ifadə etmək baxımından zənginləşdirir. Onun funksiyaları genişlənir, struktur dəyişikliyi baş verir. Dil insanı soykökə bağlayan əsas vasitələrdəndir. Məhz buna görə Dünya Azərbaycanlılarının Zəfər qurultayında Prezident İlham Əliyev xaricdə yaşayan gənclərin ana dilində öyrənməsinin vacibliyini əbəs yerə vurğulamamışdı.

2. Mədəni dəyərlərin birliyi. Mədəniyyət milli mənsubiyyətin irsən qoruyucusudur. Mədəniyyət ilk baxışdan görünüyü kimi sadə deyil, əslində nizam və intizamdan ibarət davranış üsuludur. Mədəniyyət sosial strukturlaşmanın tərkibini təşkil edir. İnsanların sosial əlaqələr və münasibətlər forması məhz mədəniyyətin yaranmasının əsaslarını təşkil edir. Bu baxımdan Azərbaycan mədəniyyətinin diaspora daxilində düzgün təbliği və aşılanması təkcə milli təfəkkürün formalaşmasında deyil, həm də daxili kommunikasiyalarda da əhəmiyyətli rol oynayır. Azərbaycan folkloru, şifahi xalq ədəbiyyatından tutmuş, dünyaya təqdim etdiyimiz, qürur mənbəyimiz olan mədəniyyət incilərimizin yaxından tandılmasına xüsusi diqqət ayrılmaldır. Müasir dövrdə mədəniyyət nümunələrinin obrazları həm birbaşa subyektlərarası (fərdlərarası) əlaqələrlə, əyani şəkildə, həm də vasitəli qaydada vizual şəkildə transfer edilməkdədir. Bizim bu sahəyə məsul olan dövlət və qeyri-dövlət institutları, eyni zamanda diaspor və icma rəhbərləri bu elementləri ciddi şəkildə nəzərə almalıdırlar.

3. Ortaq tarixi mənsubiyyət. Nəzərə almaq lazımdır ki, diasporanın yaranmasının əsasında insanların mənsub olduqları ölkənin ümumi ortaq tarix faktoru durur. Tarix milli-mənəvi varlığın formalaşmasında mühüm rol oynayır. Tarix sadəcə, baş vermiş hadisələrin salnaməsi yox, həm də milli özünüdərk prosesində önəmli alətdir. Tarixə məlumat mənbəyi kimi yox, həm də milli qürur qaynağı kimi yanaşılmalıdır. Tarixin öyərdilməsinə eyni zamanda, idrak üsulu kimi deyil, həm də tərbiyə metodu kimi baxılmalıdır.

Və sonda Ümummilli Lider Heydər Əliyevin 24 dekabr 1998-ci il tarixdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xalqa müraciətində dediyi sözləri xatırlamaq yerinə düşər:

“XXI əsrin astanasında Dünya Azərbaycanlılarının həmrəyliyinə daha böyük ehtiyac vardır. Sayca dünyanın ən iri millətləri ilə müqayisə olunan xalqımızı qarşıdan gələn yeni yüzillik və minillikdə ciddi və müqəddəs mübarizələr gözləyir. Biz nəinki təkcə müstəqil Azərbaycanın dövlətçiliyinin qorunması, möhkəmlənməsi və inkişaf etməsi uğrunda, eyni zamanda bütün dünya azərbaycanlılarının milli hüquqlarının, tarixi haqlarının həyata keçməsi ilə bağlı ciddi iş aparmalıyıq. Bütün bu müqəddəs vəzifələrə nail olmaq üçün biz azərbaycançılığın dövlət rəmzlərini yaşadan müstəqil dövlətimiz ətrafında daha sıx birləşməliyik. Vətənini, xalqını sevən hər bir soydaşımız və ya digər tellərlə ölkəmizlə bağlı olan hər bir şəxs Azərbaycan dövlətini öz arxasında hiss edərək azərbaycançılıq, vətənpərvərlik hissləri ilə tarixi torpaqlarımıza, yurdumuza, mədəniyyətimizə məhəbbət aşılamalıdır. Vətənimizin, respublikamızın taleyi hər bir azərbaycanlının taleyinə çevrilməlidir”.

Diaspora.TV-nin
Analitik Qrupu

Şərhlər

Yaz...