Tarix: 05 May 2024 00:01 | Baxış sayı: 4167
Küçədə gecələyən soydaşımız Vətənə yola salındı   - Foto

Küçədə gecələyən soydaşımız Vətənə yola salındı - Foto

Diaspor təşkilatlarının vəzifəsi təkcə mənsub olduğu Ana vətənin təbliği, onu yaşadığı ölkədə tanıtmaq, təəssübünü çəkmək deyil. Diasporun işi həm də xarici ölkələrdə çətin durumda olan soydaşlarımıza yardım etmək, onların hüquqlarını qorumaqdır.

Bəzən dövlətimiz, xaricdə fəaliyyət göstərən diplomatik korpuslarımız, eləcə də diaspor siyasətini həyata keçirən qurumlarımız protokolla və ya beynəlxalq qanunvericiliyin tələbləri ilə hərəkət edəndə müəyyən ləngimələr yaşanır. Belə olan halda diaspor dövriyyəyə girməli, gücü çatan problemlərin həllinə çalışmalıdır.

Diaspora.TV olaraq bu günədək hazırladığımız materiallarda ya birbaşa, ya da dolayı yolla bu kimi məsələləri diqqətə çatdırmışıq.

Bu günlərdə Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli sosial şəbəkə hesabında belə bir elan paylaşdı. Qeyd etdi ki, Polşada yaşayan Əlizamin Məmmədov adlı gözdən əlil soydaşımız uzun müddət fərqli yerlərdə işləsə də, hazırda gözündəki problemə görə heç bir yerdə işləyə bilmir:

“İndiyə qədər də, el dili ilə desək, ancaq qara işlərdə çalışıb. İki gecədir küçədə qalır. Bir neçə soydaşımız qidalanma və kiçik xərclər üçün Əlizamin bəyə maddi yardım edib. Amma indi istəyirik ki, sizin də dəstəyinizlə Əlizamin bəy üçün bilet alıb Vətənə yola salaq. Biletin qiyməti 535 manatdır. 100 manat bizim tərəfimizdən qarşılanır. 435 manat lazımdır ki, bilet ala bilək".

Əlbəttə ki, F.Cəfərlinin bu elanı cavabsız qalmır və Polşada yaşayan azərbaycanlılar qısa zaman ərzində öz soydaşına sahib çıxır. Bununla bağlı F.Cəfərli bir neçə saatdan sonra yeni bir elan paylaşaraq həmyerlimizə dəstək olanlara təşəkkürünü bildirir:

"Əziz dostlar, artıq Əlizamin Məmmədov üçün bilet alındı. Hər kəsə göstərdiyi dəstəyə görə təşəkkür edirəm".

Bax belə...

Göründüyü kimi, ölkəsindən aslı olmayaraq xaricdə yaşayan soydaşlarımız - diaspor təşkilatlarımız öz təşəbbüsləri ilə hansısa bir məsələdə həmrəylik nümayiş etdirə bilər. Çevik şəkildə reaksiya vermək, qərar qəbul etmək üçün heç də Bakıdan sifariş gözləmək lazım deyil. Bu həm İNSANLIĞA, həm VƏTƏNƏ, həm də onun hər hansı bir səbəbdən küçədə gecələyən VƏTƏNDAŞINA ən yaxşı xidmətdir.

Diaspora.TV


Şərhlər

Yaz...