Tarix: 01 Aprel 2024 11:22 | Baxış sayı: 1506
Diaspora Dəstək Fondu daha çox nəyə fokuslanmalıdır?

Diaspora Dəstək Fondu daha çox nəyə fokuslanmalıdır?

14-15 fevral tarixlərində dünyada yaşayan gürcülərin Lamproba tədbirlərini necə ehtişamla, çal-çağırla keçirdiyinin şahidi olduq. Dünyanın dörd bir tərəfinə səpələnmiş gürcülər şəxsi vəsaitləri hesabına müxtəlif formalı tədbilər təşkil etmişdilər - heç bir dövlət dəstəyi olmadan və ummadan. Heç nəyə imkanı çatmayan, maddi durumu zəif gürcü icmaları isə ən azından kiçik məclislər qurub ata-baba bayramlarını qeyd edirdilər. Haşiyə çıxaraq qeyd edək ki, Lamprobanı gürcülər toprağın oyanışı, baharın gəlişi bayramı kimi qeyd edirlər, təxminən bizim Novruz bayramı kimi...

Bizim xaricdə yaşayan soydaşlarımız da insafən, bu milli bayramımızı unutmur, hər il imkanları çərçivəsində qüvvələrini cani-dildən birləşdirərək gözəl bayram şənlikləri keçirirlər. Lakin çox böyük təəssüf hissi ilə qeyd edək ki, bu mübarək bayrama da ictimai qazanc və təbliğat mənbəyi kimi baxanlar var...

Mediadan belə bir xəbər oxuduq ki, Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondu müxtəlif ölkələrdə Novruz bayramı ilə bağlı “Bir olaq, həmrəy olaq" adlı şənliklər keçirir. Əslində ilk baxışdan qulağa xoş gəlir - Fond xaricdə milli adət-ənənlərimizin yaşadılmasına dəstək verir, folklorumuzun unudulmamasına səy göstərir. Əlbəttə, alqışlanası təşəbbüs, təqdir olunası fəaliyyətdir. Bir şərtlə ki, milli birlik rəmzi olan bu müqəddəs bayramdan sui-istifadə olunmasın. Bu cür kiçik tədbirlərin keçirilməsini xaricidəki soydaşlarımız öz məhdud imkanları ilə də təşkil edə bilərlər və hər il dövlət dəstəyi olmadan da bunu edirlər.

O zaman sözügedən Fond vətəndaşların vergilərindən formalaşmış dövlət vəsaitini hansı haqla belə kiçik tədbirlərin təşkili adı altında havaya sovurur?

Yenə təkrar edirik ki, bu cür şənliklər xaricdəki soydaşlarımız tərəfindən icmaların öz vəsaitləri hesabına onsuz da böyük coşqu və sevgi ilə keçirilir. Fond yaradılmamışdan əvvəl də belə idi, indi də belədir. Yaxşı olardı ki, Fond bu kiçik formatlı, onlarsız da təşkil edilə bilən tədbirlərə vəsait sərf edincə (əgər edirsə), iri miqyaslı, ölkə prezidentinin və dövlətimizin apardığı haqq işinin tanıdılması və təsdiqi, PR-ı ilə məşğul olsun. Diqqəti lobbiçiliyə - rəsmi icazə verilən ökələrdə bu fəaliyyətə yönəltsinlər.

Novruz, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü şənlikləri və bu kimi bayramların təşkili əlbəttə, rahat və asandır, bundan ötrü xüsusi zəhmət tələb olunmur, amma lobbi təşkilatları ilə işləmək, dünyanın güc mərkəzlərinə sirayət etmək ciddi və ağır əmək, əziyyət tələb edir.

Düşünürük ki, Azərbaycan Diasporuna Dəstək Fondu bütün potensialı ilə qeyd etdiyimiz bu istiqamətə - daha vacib və əhəmiyyətli işlərə fokuslanmalıdır. Azərbaycanın haqq səsinin nüfuzlu beynəlxalq məkanlarda eşitdirilməsi, ədalətli mövqeyinin təsdiqlənməsi Fondun qarşısında müqəddəs vəzifə kimi dayanmalıdır.

Diaspora.TV-nin
Analitik Qrupu



Şərhlər

Yaz...