Tarix: 26 Aprel 2024 14:44 | Baxış sayı: 648
 “Ermənilər arxivlərini açmaqdan yayınırlar” - Bilal Dündar

“Ermənilər arxivlərini açmaqdan yayınırlar”- Bilal Dündar

“23 Aprel- Lozanna, Çanaqqala zəfəri və buna bənzər qələbələri həzm edə bilməyən, ikili standartları həyat tərzi kimi qəbul edən bir çox ölkə məğlubiyyətlərinin qisasını almaq üçün 24 apreli hər cür yalana, qərəzlərə əl atmaq üçün bəhanə edir”.

Diaspora.TV xəbər verir ki, bu sözləri Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri Bilal Dündar “Kocaeli” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, 1915-ci ildə Osmanlıları arxadan güllələyən imperiya vətəndaşı olan ermənilər Şərqi və Cənub-Şərqi Anadoluda mülki vətəndaşları, Qars-Ərzurum və Ağrıda isə 30 min günahsız insanları vəhşicəsinə qətlə yetiriblər:

“Buna görə də heç bir dövlətin etiraz edə bilməyəcəyi şəkildə Osmanlının müvafiq idarələri erməniləri Suriya, İran və İraqa köçürdülər. O dövrə uyğun olaraq onlar nəqliyyat vasitələri və yol pulu ilə təmin edildi. Hətta onların bir çox mal və əşyalarının dəyəri də ödənilib. Bu qərar erməniləri qorumaq üçün verilən rasional qərar idi. Buna qədər Osmanlı İmperiyasında nazir və general rütbəsinə yüksəlmiş ermənilər olub”.

B.Dündar qeyd edib ki, bir çox dövlətlər, xüsusilə Fransa, İngiltərə və Rusiya ermənilərdən istifadə edib. Bundan əlavə, “Böyük Ermənistan” xülyası ilə ağlasığmaz vəhşiliklər törədən ermənilər hər zaman tufan qoparmaqda davam ediblər və hələ də davam etmək üçün fürsət gözləyirlər:

“Ermənilər XX əsrdə rusların dəstəyi ilə Azərbaycan torpaqlarının 20 faizini işğal etdilər. Onlar fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində 613 nəfəri qətlə yetirərək soyqırımı törətdilər. Ermənilər “Asala” terror təşkilatı vasitəsi ilə müxtəlif ölkələrdə 43 türk diplomatını qətlə yetirdilər. Ermənilər özlərinin tanınmış simalarının törətdikləri qırğınların qarşısını almaq məqsədilə həbs olunduğu 1915-ci il aprelin 24-nü “soyqırım” kimi səsləndirirlər. Uydurduqları bu yalanla tərəfdar toplamaqda davam edirlər”.

“Türkiyədə Heydər Əliyev Mədəniyyət Evində ilk və yeganə Soyqırım Muzeyində ermənilərin törətdiyi qırğınların, soyqırımların sübutu olan sənədlər var. Amerika, Rusiya və Türkiyə arxivlərini araşdıran amerikalı alimlərin hesabatına görə, ermənilər iki milyon Osmanlı türkünü qətlə yetiriblər. Türkiyə arxivlərini araşdırmalar üçün açıb. Yalanı həyat tərzinə çevirən ermənilər arxivlərini araşdırmalar üçün açmaqdan yayınırlar”,- deyə sədr bildirib.

B.Dündarın sözlərinə görə, tarixi tarixçilərin öhdəsinə buraxmayan, siyasətçilərin tarix yazdığı, qərarlar qəbul etdiyi ikili standartlar dövründə yaşayırıq.

“Türkiyə və Türk dünyası tarixində heç vaxt qətliam olmayıb. Bizim keçmişimiz qaranlıq deyil. Keçmişimizdə utanmalı olduğumuz heç nə yoxdur. Şanlı Azərbaycan ordusu ermənilərin işğal etdiyi torpaqları azad edib. Bu müharibədə ermənilər on minə yaxın əsgər itirməklə tarixi dərs aldılar. Onların qərəzli yalanlarını təkzib etmək üçün birlikdə fəaliyyət göstərmək hamımızın tarixi borcudur. Cinayətkarların güclü olduğu dünya tarixin sui-qəsdidir”.

Xəyalə Zöhrab

Şərhlər

Yaz...