Tarix: 29 Aprel 2024 10:12 | Baxış sayı: 409
Güneyli alimə görə İsveçin baş nazirinə  məktub ünvanlanıb

Güneyli alimə görə İsveçin baş nazirinə məktub ünvanlanıb

İran həbsxanasında 8-ci ilini tamamlayan əslən güney azərbaycanlı İsveç vətəndaşı professor Əhmədrza Cəlali ilə bağlı İsveçin baş naziri Ulf Kristersona müraciət olunub.

Diaspora.TV xəbər verir ki, bu barədə alimin xanımı Vida Mehranniya məlumat yayıb. O, aprelin 26-da Stokholmda Beynəlxalq Əfv Təşkilatının keçirdiyi toplantıda professor Cəlali ilə bağlı çıxış edib.

Qadın 8 ildir Tehrandakı bədnam Evin zindanında edam hökmu altında saxlanılan həyat yoldaşının azad edilməsi üçün İsveç hökumətinin səylərinin qənaətbəxş olmadığını deyib.

Qeyd edək ki, Əhmədrza Cəlali 2016-cı ilin aprelində Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana yollanarkən həbs edilib.
Tehran İnqilab Məhkəməsi 2017-ci ilin sentyabr ayında əslən Güney Azərbaycanın Sərab şəhərindən olan Əhmədrza Cəlalini "İsrailə casusluq" ittihamına görə edama məhkum edib. Hökm daha sonra İran Ali Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb.


Şərhlər

Yaz...