Tarix: 22 Aprel 2024 16:24 | Baxış sayı: 881
Mürgüləməli və ya yuxuya getməli deyilik  - Fəzail Ağamalı

Mürgüləməli və ya yuxuya getməli deyilik - Fəzail Ağamalı

“Azərbaycan diasporunun yaradılması, inkişafı və formalaşması Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır”.

Bu fikirləri Diaspora.TV-yə açıqlamasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib. Onun sözlərinə görə, Ümummilli lider xaricə getdiyi bütün səfərlərdə imkan tapıb orada yaşayan soydaşlarımızla görüşüb, Azərbaycanla, eləcə də onun mövcud və gələcək problemləri, hədəfləri ilə bağlı geniş söhbətlər aparırdı:

“Daha sonra bu işi peşəkar səviyyədə qurmaq üçün Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı. Bu qurum da illər boyu diasporumuzun təşkilatlanmasına, ədalət naminə demək lazımdır ki, imkanlar daxilində öz töhfəsini verdi. Lakin digər diasporalara nisbətən Azərbaycan diasporu gəncdir, yenidir. Ondan daha böyük yəhudi, erməni, yunan, rus, hətta ukrayna kimi diasporaların işini gözləmək doğru olmazdı. Çünki onlar bizdən çox-çox əvvəl diaspora şəklində formalaşıblar. Ancaq 44 günlük Vətən müharibəsində diasporumuz Azərbaycan millətinin içərisində yer alaraq öz işini uğurla qura bildi. Xüsusi, olaraq erməni diasporuna qarşı çox fədakarlıq nümayiş etdirdi. Hətta diaspora fəallarımız ermənilər tərəfindən hücuma da məruz qaldılar. Konsulluqlarımız belə erməni millətçiləri tərəfindən müxtəlif təhdidlərlə üz-üzə qaldı. Buna baxmayaraq, Vətən müharibəsində diaspora öz işini yaxşı qura bildi”.

Partiya sədri hesab edir ki, diaspora öz işini daha da təkmilləşdirməli, gücləndirməlidir:

“Ola bilsin ki, biz Ermənistanla sülh sazişi bağlayıb, onunla normal qonşuluq münasibətlərini qura bildik. Lakin xaricdə yaşayan və illər uzunu beyinləri anti-Türk, anti-Azərbaycan düşüncələri ilə zəhərlənən erməni diasporu və onun formalaşdırdığı lobbi ilə mübarizədən kənarda qala bilməyəcəyik. Yəni, bu gün Ermənistan, eləcə də dünya erməni diasporu və lobbisi üzərində qələbə çalmışıq. Amma bununla arxayınlaşmamalı, mürgüləməməli və ya yuxuya getməməliyik. Yenə də eyforiyadan uzaq bir vətəndaş, azərbaycanlı olaraq daha da təşkilatlanmış şəkildə xaricdə dövlətimizin maraqlarını təmin etməliyik”.

F.Ağamalı vurğuladı ki, bizim ideyamız Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıqdır:

“Bu ideya əsasında diaspora öz işini gücləndirməli, Azərbaycanla əlaqələrini artırmalıdır. Eyni zamanda Diasporla İş üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi və səfirliklərimiz də Azərbaycan diasporunun daha da güclənməsinə, təşkilatlanmasına və fəaliyyətinin genişlənməsinə ciddi diqqət ayırmalı və bunu başlıca hədəf kimi nəzərə almalıdır”.

Bəxtiyar Məmmədli
Diaspora.TV

Şərhlər

Yaz...